Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün Şəki şəhərində üçüncü beynəlxalq ənənəvi şirniyyat festivalı açılıb.
Unikal.org-a bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, şirniyyat festivalının rəsmi açılışı XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray mehmanxana kompleksinin həyətində baş tutub. Festivalda bir sıra xarici ölkədən gəlmiş qənnadıçılar, həmçinin respublikamızın 20-dən çox şəhər və rayonunun şirniyyatçıları əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdirilib.
TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən qənnadıçılar üstünlük təşkil edib.
Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və digər milli şirniyyat nümunələrini sərgiləyiblər.
Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələrini münsiflər heyəti qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılıb.
Ənənəvi şirniyyat festivalı rəngarəng konsert proqramı ilə başa çatıb.