Məcburi köçkünlərin hansı hüquqları var?
10:49 14-01-2016
KRİMİNAL
Qanunda məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi də göstərilir
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindən sonra 1 milyondan çox vətəndaşının öz ata-baba yurdundan, doğma torpaqlarından məcburi köçkün düşməsi onların qaçqınlıq həyatı yaşadığı dövrdə hüquqlarının qorunmasını zəruri etdi.
Öz isti ocağından məcburi olaraq köçkün düşən soydaşlarımızın torpaqlarımız işğal edilənədək hüquqlarının qorunması üçün bir sıra qanunlar qəbul olundu. Bunlardan biri də, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Qeyd edək ki, bu qanunun məqsədi, ölkəmizdə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.
Qanunun ikinci maddəsində isə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərdən bəhs olunur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsindən aldığımız məlumata görə, qanunun ikinci maddəsində göstərilib ki, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütamadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər məcburi köçkünlərə bərabər tutulurlar. Bu Qanun 1988-ci il yanvarın 1-dən bu Qanunun qüvvəyə mindiyi vaxtadək məcburi köçkün olmuş və bu qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan Respublikasına gəlmiş şəxslərə şamil edilir. Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. Hüquq şöbəsindən verilən məlumata görə, 4-cü maddə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirlərini özündə əks etdirir: "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir. Bura müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi, məşğulluğun təmin edilməsi, sosial təminat, tibbi təminat, təhsil hüququnun təmin edilməsi, nəqliyyat və mənzil-kommunal güzəştləri, vergi güzəştləri. Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər".
Qanunda məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir: "Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir.Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir".
Qanunda məcburi köçkünlərə torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımlar göstərilməsi də öz əksini tapıb: "Məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Torpaq sahələrinin ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".
Eyni zamanda qanunda məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi də göstərilir: "Məcburi köçkünlərin məşğulluğu dövlət proqramına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir. Dövlət məcburi köçkünlərin müstəqil olaraq işə düzəlmələri, onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün zəruri şərait yaradır. Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi dövlət idarə, müəssisə və təşkilatlarında kvota müəyyən edilməsi, yeni iş yerlərinin açılması və digər tədbirlərin görülməsi ilə həyata keçirilir. Məcburi köçkünləri daimi işlə təmin etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanları onların müvəqqəti və mövsümi işlərə cəlb edilməsini təşkil edirlər. Məcburi köçkünlərin işə qəbulu zamanı əmək kitabçasının təqdim edilməsi məcburi deyil. İdarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı bu şəxslər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bank kreditləri verilə bilər".
Qanunun 8-ci maddəsində məcburi köçkünlərin sosial təminatı barədə xüsusi bənd var. Həmin bənddə qeyd olunur ki, məcburi köçkünlərin iş stajı və əmək haqqı barədə sənədləri olmadıqda onlara pensiya "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş qaydada təyin edilir. Məcburi köçkünlərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə sosial sığorta ödəmələri iş stajından asılı olmayaraq əmək haqlarının tam həcmində ödənilir".
Sözügedən qanunda məcburi köçkünlərə maddi yardımlar da göstərilməlidir: "Məcburi köçkünlərin birdəfəlik və mütamadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə tə`min edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar yardımların göstərilməsində müstəqildirlər. Bu şəxslərin humanitar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir. Eləcə də, məcburi köçkünlərə tibbi xidmət bilavasitə məskunlaşdıqları ərazidə yerləşən tibb müəssisələri tərəfindən göstərilir. Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Məcburi köçkünlər dövlət tibb müəssisələrində birinci növbədə yerləşdirilirlər və tibbi xidmətin bütün növlərindən pulsuz istifadə edirlər".
Bütün bunlarla yanaşı qanunda qeyd olunur ki, məcburi köçkünlərin təhsil hüquqlarının təmin edilməsi zəruridir: "Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqlar dərsliklərlə və dərs ləvazimatı ilə pulsuz təmin olunurlar. Dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Qeyri-dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. Məcburi köçkünlər müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən məskunlaşma yerini dəyişdikdə, onların əmlakının daşınma xərcləri dövlət hesabına ödənilir".
Eyni zamanda qanunla məcburi köçkünlərə mənzil və kommunal xidmət güzəştləri də var. Məcburi köçkünlər bir sıra kommunal xidmətlərdən də azaddırlar. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16