"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığın müşahidə edilməsi təsadüfi xarakter daşımır. Aprel hadisələri zamanı Azərbaycan Ordusunun Ermənistanın təxribatçı hərəkətlərinə layiqli cavab verməsi həm bu ölkəyə, həm də dünya ictimaiyyətinə mesaj verdi. Bir daha aydın oldu ki, bu münaqişənin "dondurulmuş vəziyyətdə saxlanması cəhdləri sülhə, təhlükəsizliyə xidmət etmir, əksinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olur.
Unikal.org sia-ya istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində fəallıq və müəyyən müsbət dəyişikliklər olsa da, Azərbaycan öz qətiyyətli mövqeyini davam etdirir və son məqsəd işğal edilmiş torpaqlarımızın azad olunmasıdır:
"Münaqişənin həlli prosesi zəruri olan ilkin addımın atılmasından başlayır ki, bu da Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxmasıdır. Hazırda münaqişənin həlli istiqamətində fəallıq müşahidə edilir, amma bu da faktdır ki, nə zaman çevik danışıqlar və aktivlik müşahidə olunursa, tərəflər arasında mövqelərin yaxınlaşması baş verirsə, onda Ermənistanda ciddi kataklizmlər ortaya çıxır. Əlbəttə, hazırda Ermənistanda baş verən proseslər bu ölkənin daxili işidir, amma baş verənlər təkcə bu ölkənin daxilində mövcud olan situasiya ilə əlaqədar deyil, bunun Qarabağ məsələsi ilə də əlaqəsi var. Bütövlükdə, Ermənistanda daxili siyasi sabitliyin pozulması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları arxa plana ata, hazırkı fəallığın azalmasına səbəb ola bilər.