Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyətinin üzvləri Braziliyaya yola düşüb.
Unikal.org-un məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızın milli musiqi sədaları altında təntənəli yolasalma mərasimi keçirilib.
Mərasimdə idman ictimaiyyətinin nümayəndələri, idman həvəskarları iştirak ediblər.
Yay Olimpiya Oyunlarında yığma komandamız 18 idman növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.
Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq.
Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcək.