Ötən gün UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsi cavab oyunları keçirilib.
Unikal.org 1xəbər.com-a istinadən bildirir ki, qitənin ən nüfuzlu klub turnirdəki yeganə təmsilçimiz "Qarabağ" evdə Çexiyanın "Viktoriya" klubu ilə 1:1 ( ilk oyun 0:0) bərabərə qalıb və iki oyunun nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.
Bu vacib qarşılaşma ölkə futbol ictimaiyyəti ilə yanaşı, yerli şou-biznes nümayəndələrinin də maraq dairəsindədir. Saytımıza danışan əməkdar artist Elza Seyidcahan da bu barədə danışıb.
Tanınmış müğənni əvvəlcə idmana olan marağından söhbət açıb: "Əlbəttə ki, Vətəni onun idmanı, incəsənəti təmsil edir. Bilirsiniz ki, hazırda bu sahədə dövlətimiz tərəfindən böyük-böyük işlər görülür. Son vaxtlar keçirilən Avropa Oyunları, "Avroviziya" mahnı müsabiqəsi, Formula-1 yarışı... Bunların Azərbaycanda keçirilməsi ölkəmizin tanınması, gələcəyi üçün uğurlu işlərdir. Hesab edirəm ki, oğlan olsaydım, idmançı olardım. Mənim dayım - Məmmədov Vahid Şərafəddin oğlu əməkdar, şöhrət ordenli məşqçidir. Namiq Abdullayev kimi dünya şöhrətli çempionlarımız var ki, dayım onları uşaq yaşlarından yetişdirib. Onlar bayrağımızı ucalara qaldıran qəhrəmanlarımızdır. Dualarımız onlarladır. Qələbəyə doğru gedirik. Bizim - bəstəkarların, musiqiçilərində borcudur ki, idmançılarımız üçün gözəl əsərlər bəstələyək, onlar da bu musiqiləri dinləsinlər və daha güclü olsunlar, uğurlu nəticələr qazansınlar".
O, futbol oynadığını da deyib: "Ümumiyyətlə, mən uşaq vaxtı "Neftçi" komandasının oyunlarına baxırdım. Ovaxtkı futbolçulardan Anatoli Banişevski, Səmədağa Qurbanov, İsgəndər Cavadov... Uşaq vaxtı futbol oyunlarını da izləyirdik, qonşularımız da baxırdı. Məhləmizdə Şahbala dayı vardı. Onun səsi bütün həyəti bürüyürdü. Həmin vaxt hamı bilirdi ki, futbol oyunu gedir. Onun gah sevinc səsləri gəlirdi, gah da komandası uduzanda hirsli-hirsli söyürdü. Onun evini qabağında divan var idi. O, oyun vaxtı "adə, vur" deyə divanın üstündə o qədər tullanırdı ki, onların divanı tez-tez dəyişdirilməli olurdu. Yəqin ki, indi o rəhmətə getmiş olar. "Papanin"də qalırdılar. Demək istəyirəm ki, biz də futbola baxırdıq. Hətta uşaq faxtı piyoner düşərgəsində futbol da oynamışam. Hətta bir oyunda 8 qol vurmuşdum. Axırıncı qolu da sinəmlə vurmuşdum və qalib gəlmişdik, hardasa 9-10 yaşım olardı. Bu hadisədən sonra mənə "futbolist" deyirdilər. Hazırda futbola baxmağa elə də vaxtım olmur, amma baxanda sona qədər baxıram, həyəcan keçirirəm. Hazırda "Neftçi", "Qarabağ" kimi klublarımız, milli komandamız var. Bu yaxınlarda Bəhram Bağırzadə dəvət etmişdi və sənət dostlarımızla birgə oyuna baxmağa getmişdik".
Xanım sənətçi "Qarabağ"ın çexiyalıları məğlub edəcəyinə inandığını deyib. Lakin Ağdam klubunun uğursuz nəticəsi onun ümidlərini doğrultmayıb: "Məndən soruşsaydınız ki, ingilislər yoxsa, "Qarabağ" komandası, onda bir qədər düşünərdim və deyərdim ki, ola bilər. Çünki ingilislərin də atları adnandır. Amma çexiyalılar "Qarabağ"la oynayırsa, burada ancaq "Qarabağ" qalib gəlməlidir. Çexiyanın yaxşı xrustal qabları var. Onlar yaxşı xrustal qab ustalarıdır. Amma "Qarabağ" deyəndə gözümün önünə Qarabağ atlarını gətirirəm. Dünyada Qarabağ atları, ingilis atları məşhurdir. Ona görə də, Arzu edirəm ki, futbolçularımız da Qarabağ atları kimi çevik, cəld olsunlar, qalib olsunlar. Heç olmasa, adlarına layiq oynamalıdılar. Çünki onlar Qarabağ adını daşıyırlar".
Müğənni bir neçə gün öncə Fransada təşkil olunan Avropa Çempionatının (AÇ-2016) final matçından da danışıb: "Ümumiyyətlə, futbol oyunları zamanı jurnalistlər mənə zəng vururlar. Hesabla bağlı verdiyim proqnozlar bir neçə dəfə düz çıxıb. Sonuncu dəfə Almaniya, Portuqaliya və Fransa yığmaları qalmışdı. Məndən bu barədə proqnoz soruşulanda Portuqaliyanı dedim. Dedim ki, Ronaldonun komandası qalib gələcək. Hətta dedilər ki, bəlkə fikrinizi dəyişəsiz, çünki Fransa daha güclüdür, onlarda isə ancaq Ronaldo var. Mən də dedim ki, yox. Dedim, Ronaldo ordadırsa, onlar qalib olacaqlar. Siz də gördünüz ki, ilk dəqiqələrdən Ronaldo zədələndi. Amma yenə də mənim proqnozum düz çıxdı. Portuqaliyanın qalib olmağına çox sevindim. Uduzsaydılar, futbolçular üçün pis olacaqdı. Hamı deyəcəkdi ki, Ronaldo oynamadı deyə uduzdunuz. Onların da üzü ağ oldu və təsdiqlədilər ki, biz Ronaldosuz da güclüyük. Arzu edirəm ki, bizim futbolçular da daha güclü olsunlar, bir-birlərinə "pas" versinlər. Bizimkilərin oyununa baxanda çox əsəbləşirəm, çünki bir-birlərinə ötürmə etmirlər. Digər tərəfdən fəxr edirəm ki, bizim də güclü futbolçularımız var. Mahir Şükürov kimi futbolçularımız var. Yaxşı idmançılarımız var və onlarla fəxr edirəm. "Neftçi" komandamız var. Arzu edirəm ki, onların da adı Avropa yarışlarında hallansın. Ölkəmiz böyük uğurlara imza atdıqca idmançılarımızın da uğurlu çıxışları olacaq".