Kənd Təsərrüfatı Nazirliyində (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı geniş kollegiya iclası keçirilib.
KTN-dən unikal.org-a verilən məlumata görə, kənd təsərrüfatı naziriHeydər Əsədovdeyib ki, direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun kadrların seçilib yerləşdirilməsində yol verdiyi nöqsanlar elmi-tədqiqat institutunun və kollektivin nüfuzuna ciddi zərər vurub: "İnstitutun struktur vahidləri arasında təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında çevik idarəetmə və nəzarət mexanizminin formalaşdırılması, habelə gənc və perspektivli kadrların cəlb edilməsi məqsədi ilə yeni struktur müəyyən edilib. Lakin direktor əvəzi F. Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməyib, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürüb. Məsələn, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayevi tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edib. Nazirlik işə qarışdıqdan sonra isə onu tutduğu vəzifədən azad edərək, İribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə təyin edib. Yaxud dələduzluq əməllərinə görə iki dəfə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxsi Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə işə götürüb. N. Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda "işə düzəlmələrinə kömək edəcəyi vədi ilə aldadıb. Famil Nəsibov Nizami Qəhrəmanova xüsusi səlahiyyətlər verib, institutda baş verən qanunsuzluqların bir çoxunu onun vasitəçiliyi ilə həyata keçirib. F. Nəsibov məsuliyyəti üzərindən atmaq üçün Nizami Qəhrəmanovu bir müddət əvvəl işdən azad edib.
Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara və qeyri-səmimi davranışa görə F. Nəsibov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktorunun vəzifəsini icra etməkdən azad edilib. F. Nəsibovun və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsi barədə kollegiyada müvafiq qərar qəbul edilib.
Bundan başqa, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edilib.
Nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinə, Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinə və Xüsusi şöbəyə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birlikdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl olunması sahəsində vəziyyəti yerində araşdırıb kənd təsərrüfatı nazirinə məlumat vermək və zərurət yarandığı təqdirdə toplanmış materialların əlavə olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsini təmin etmək tapşırılıb.
H.Əsədov bildirib ki, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarda səriştəli, savadlı və perspektivli kadrların işə cəlb edilmələri Nazirliyin rəhbərliyi tərəfindən prioritet məsələlərdən biri kimi həmişə diqqət mərkəzində saxlanılır. Elmi-tədqiqat institutlarında da müasir düşüncəli, öz ixtisasını mükəmməl bilən mütəxəssislərin işə qəbul edilməsinin vacibliyinə toxunan kənd təsərrüfatı naziri bildirib ki, elmi-tədqiqat institutlarının rəhbərlərinin fəaliyyəti qiymətləndirilərkən onların kadrlarla, o cümlədən gənc mütəxəssislərlə işi necə qurmaları əsas meyarlardan biri kimi nəzərə alınacaq. Nazirlik sistemində kadrların təyinatında yalnız yüksək səriştə və peşəkarlığın, idarəetmə təcrübəsinin, insanlarla ünsiyyət qurmaq bacarığının və tələbkarlığın əsas meyar olduğunu vurğulayan nazir kadrlara münasibətdə bu prinsiplərdən kənara çıxan hər bir rəhbər işçi barəsində ciddi tədbirlərin görüləcəyini vurğulayıb.