"Bu günə kimi bizə nə ev, nə də daşınmaz əmlak ala biləcəyimiz məbləğdə kompensasiya verilib. 2014-ci ildən "Sovetski məhəlləsində yaşayan vətəndaşları aldadırlar.
Unikal.org xəbər verir ki, bu sözləri "Bizim Yol-a "Sovetski sakini, 11-ci Nerimanov küçəsi 10/8-də qeydiyyatda olan Əzizova Mehriban Seyfəddin qızı bildirib. O, evinin qeyri-qanuni olaraq sökülməsindən, kompensasiya və ya evin əvəzinə məznil verilməməsindən şikayətçidir. "Bizim yaşadığımız bina iki mərtəbəli, mənzilimiz isə azkvadratlı idi. İkinci mərtəbədə yaşayanların evinin kvadratı çox olduğu üçün onlar hökumətin təklif etdiyi 1500 manat kompensasiya ilə razılaşıb köçdülər. Biz birinci mərtəbədə yaşadığımız halda icra hakimiyyəti ikinci mərtəbənin söküntüsünə başladı. Nəticədə evimiz yaşamaq üçün yararsız vəziyyətə saldılar. Həyatımıza olan təhlükəni nəzərə alıb evimizdən çıxmalı olduq. Biz evdə olmayanda isə evimizi sökdülər. Evimizin əşyaları isə oğurlandı. Bu barədə araşdırılma başlanıldığı bildirildi,-deyə Mehriban Əzizova bildirib.
Şikayətçi deyir ki, manatın devalvasiyasından öncə onlara kompensasiya versəydilər, torpaq alardılar: "Bunu etmədilər. Bizə deyildi ki, Baş nazirin müavini Abid Şərifovun azkvadratlı evlərlə bağlı qərarı var. Qərara görə, belə məzillərin sahiblərinə kompensasiya deyil, ev veriləcək. O cümlədən, bizə də ev veriləcəyi deyildi. Amma bu günə kimi bizə nə ev, nə də daşınmaz əmlak ala biləcəyimiz məbləğdə kompensasiya verilib.
Mehriban Əzizova iddia edir ki, azkvadratlı evlərin sahibləri olan "Sovetski sakinlərinə müxtəlif yerlərdən ev verilib: "Bizz isə müraciət edəndə "gözləyin deyirdilər.
Şikayətçi iddia edir ki, icra hakimiyyəti əksər şəxslərə evi müəyyən məbləğdə ödənilən pul hesabına verib: "Qonşular rüşvət verdikdən sonra onlara ev veriblər. Biz sonuncu dəfə müraciət edəndə "gərək əvvəldən müraciət edərdiniz dedilər. Belə, çox təəccüblü...
Şikayətçi yerli icra hakimiyyətinin yalanlarının bununla bitmədiyini iddia edir: "Bizə evimizin sökülməsi və əşyaların oğurlanması ilə bağlı etdiyimiz müraciətə yerli icra hakimiyyəti cavabı bu olub ki, guya uzun müddət evdə yaşayış olmayıb, qonşular şikayət edib və şikayət aktlaşıdırldıqdan sonra evimiz sökülüb. Bu ağ yalandır. Biz aktı tələb etdik, amma hələ də verilməyib. Hüquqi rəy var ki, bizim evin ətrafında söküntü işlərinin aparılması nəticəsində evimizin divarında çatlar əmələ gəlib, Yasamal rayon İcra Hakimiyyəti bizim və evin təhlükəsizliyini təmin etmədiyi üçün məcburiyyət qarşısında evimizdən çıxmışıq.
Mehriban Əzizova deyir ki, evin sahəsi 21 kvadratmetr olub: "Bu evdə iki ailə yaşayır. Bizə 33 min 475 manat təzminat verilir. Biz bununla razı deyilik. Çünki bu məbləğə Bakıda iki ailənin yaşaya biləcəyi evi almaq mümkün deyil. Biz etiraz edəndə, icra hakimiyyətindən "özünüz bilərsiniz dedilər. Yəni, vətəndaşa və onun hüquqlarına saymazyana münasibət göstərirlər.