"Qualcomm şirkətinin prosessorları ilə təchiz edilmiş "Android sistemli qurğular yeni təhlükə ilə üzləşib.
Unikal.org ICTnews-a istinadən xəbər verir ki, "Check Point şirkətinin ekspertləri tərəfindən aşkar edilmiş boşluqlar seriyası "Quadrooter adlandırılıb və sözügedən boşluq kibercinayətkara qurbanın smartfonu və planşeti üzərində tam nəzarəti ələ keçirməyə imkan verir. Haker qurğuda istənilən əməliyyatı yerinə yetirə bilər.
Araşdırmaya əsasən, cihaz "Qualcomm çipi ilə təchiz edilibsə, "Android mobil əməliyyat sisteminin istənilən versiyası boşluqlar qarşısında dayanıqsızdır. Hətta iyunda dünyada ən təhlükəsiz smartfon kimi elan edilmiş "BlackBerry DTEK50 cihazı da haker hücumuna qarşı dayanıqsızdır.
"Qualcomm şirkəti artıq boşluqları aradan qaldıran lazımi proqram təminatını çıxarıb. Amma "Google şirkətinin nümayəndələri xəbərdarlıq ediblər ki, "Android sistemindəki boşluqlar yalnız sentyabrda tam aradan qaldırılacaq.