Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, dəyişikliklər dəfn mərasiminin təşkili və keçirilməsi ilə əlaqədardır.

Azərbaycan Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətlərinin Nizamnaməsinə əsasən, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin, ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlərin, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş, Azərbaycan Respublikasının "Şöhrət" ordeni və "Şah İsmayıl" ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və Azərbaycan qanunlarında nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir.

Həmin şəxslərin Nizamnaməyə uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən Müdafiə Nazirliyinin saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilib.

Bu şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili müəyyən edilmiş qaydada və məbləğdə Müdafiə Nazirliyi tərəfindən maliyyə yardımı göstərilib.

Dəyişikliyə əsasən, Müdafiə Nazirliyinin bu sahədəki səlahiyyətləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilib.