İki aya yaxındır itkin düşən Kürdəmir rayon sakini Aslan Mahmud oğlu Abdullayev tapılıb.
Unikal.org report-a istinadən bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi uşaq sığınacağının koordinatoru Vasif Akifli məlumat verib.
Onun sözlərinə görə, A.Abdullayev üç gündür sığınacaqdır: "O, avqustun 9-da Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsinin əməkdaşları tərəfindən sığınacağımıza təhvil verilib. İlkin dindirmələr zamanı uşaq Lənkəran şəhər sakini və 2002-ci il təvəllüdlü Hüseyn Təyyar oğlu Həsənov olduğunu bildirmişdi. Lakin hüquqşünasımızın apardığı araşdırmalar nəticəsində onun Kürdəmir rayonundan olduğu və kimliyini düzgün demədiyi üzə çıxıb. Bundan sonra Kürdəmir Rayon İcra Hakimiyyəti və rayon poliş şöbəsi ilə əlaqə saxlanılıb. Uşaq akt əsasında ailəsinə təhvil verilib".
V.Akifli bildirib ki, valideynləri uşağın evdən ilk dəfə qaçmadığını söyləyiblər: "A.Abdullayev rayon ərazisində bir neçə dəfə uşaqlara qoşularaq evdən qaçıb. Ancaq bu hal bir neçə gün davam edib. Onun uzun müddətə evdən getməsi ilk dəfədir baş verir".
Qeyd edək ki, "Report" Kürdəmir rayonu Şahsevən kənd sakini A.Abdullayev iyunun 20-də evdən çıxıb qayıtmaması barədə məlumat vermişdi.