Şahin Mustafayevin gecikmiş həmləsi
10:56 30-01-2016
İQTİSADİYYAT
"Ağ qızıl"ın qədrini bilmək üçün "qara qızıl" dəyərdən düşməli idi?
"Azərbaycanda ənənəvi pambıqçılıq yenidən inkişaf etdirilməlidir. Bu sahədə inkişafa nail olmaq üçün fermerlərə yeni güzəştlər, uzunmüddətli kreditlərin verilməsi nəzərdə tutulub". Bunu Bakıda keçirilən "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda əməkdaşlıq konfransında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir deyib ki, hazırda məsələ ilə bağlı şirkətlərlə danışıqlar aparılır. "Pambığın alış qiymətinə yenidən baxılmalıdır", - deyə Ş.Mustafayev bildirib.
Təbii ki, dünya bazarında neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkənin valyuta ehtiyatlarının da azalmasına səbəb olur ki, bu da qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın xüsusilə dirçəldilməsi artıq zamanın tələbidir. Elə bir neçə gün əvvəl "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışında ölkə başçısı İlham Əliyev də kənd təsərrüfatının, xüsusən pambıqçılığın inkişafının mühümlüyündən danışmışdı: "Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, 1 kq pambığı yığanlara 42 qəpik verilir. Bu, azdır, qiymət əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Biz tütünçülük və çayçılığı da inkişaf etdirməli, canlandırmalıyıq", - deyə prezident qeyd etmişdi.
İqtisadiyyat naziri Şahin Mustafayev də məhz ölkə başçısının bu çıxışından sonra pambıqçılığın inkişafının zərurətindən danışmağa başlayıb. Maraqlıdır, nazirin bu sahə ilə bağlı real addımlar atmağa başlaması üçün məsələyə mütləq ölkə başçısının müdaxiləsi və neftin dünya bazarlarında qiymətdən düşməsi tələb olunurdu?
Onu da deyək ki, ölkəmizdə pambıq əsasən Aran-Qarabağ bölgəsində yetişdirilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2015-ci ildə əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 4,1 min hektar azalaraq 18,8 min hektar təşkil edib. Hesablamalara görə, 1990-cı ildə indikindən 14 dəfə çox ərazidə, 264 min hektar sahədə pambıq əkilib. 2000-ci ildə bu, 101 min hektar, 2005-ci ildə 112 min hektar, 2010-cu ildə isə 30 min hektara düşüb.
Əkin sahələrinin azalması səbəbindən bu sahədə istehsal da aşağı düşüb. Əgər 1990-cı ildə pambıq istehsalı 542, 9 min ton idisə, beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə isə daha çox azalıb. 2005-ci ildə 196,6 min ton pambıq istehsal olunduğu halda 2014-cü ildə bu rəqəm 40,6 min tona düşüb.
Pambıqçılığın dirçəldilməsi həm də yüngül sənayenin inkişafı, emal müəssisələrinin, toxuculuq fabriklərinin yaradılması və xeyli sayda iş yerlərinin açılması deməkdir. Sovet hakimiyyəti illərində mövcud zavod və fabriklərin işini yada salmaq kifayət edir ki, bu sahənin ölkə və əhali üçün gəlirliliyi anlaşılsın.
Bu baxımdan bu gün dünyanın ən inkişaf etmiş ölkələri, eləcə də inkişaf etməkdə olan ölkələri pambıq istehsalına xüsusi diqqət ayırır. ABŞ, İsrail, Türkiyə, Çin, Hindistan kimi ölkələr bu sahədən kifayət qədər böyük gəlir əldə edir.
Hətta vaxtilə bizim yarışdığımız Özbəkistan artıq pambıqçılığı yüksəldərək 3,5 milyon tona çatdırıb. Artıq dünya pambıq istehsalının 15 faizi Özbəkistanın payına düşür. Bununla paralel olaraq, özbəklər toxuculuq sənayesini də inkişaf etdirib. 30 transmilli xarici şirkətin dəvətilə istehsal edilən pambığın artıq 70%-ə qədəri Özbəkistanın öz ərazisində parçaya və toxuculuq məhsullarına çevrilir. Beləliklə də dünya toxuculuq məhsulları bazarında Özbəkistan artıq Çin və Türkiyənin yeni bir rəqibinə çevrilib.
Məhz bu ölkənin təcrübəsi göstərir ki, bu sahənin Azərbaycanda yenidən dirçəldilməsi olduqca vacibdir. Həm də ölkəmizdə pambıqçılığın inkişafı üçün potensial və resurslar, məhsuldarlıq adları çəkilən ölkələrdən qat-qat yüksəkdir. Statistikaya görə, Azərbaycanda hər hektardan orta hesabla 2 tona yaxın pambıq götürmək mümkündür. Dünyanın əksər ölkələrində isə bu göstərici 1 tona yaxındır. Odur ki, "heç vaxt heç nə gec deyil" prinsipini əsas tutaraq "qara qızıl" erasından "ağ qızıl"a keçid üzərində vacib əməli tədbirlərə başlamaq lazımdır.
Şahin Mustafayevin bu mövzuda gecikmiş də olsa verdiyi açıqlamaları söz olaraq qalıb-qalmayacağını, fikirdən əmələ keçilib-keçilməyəcəyini isə zaman göstərəcək. Odur ki, gözləyək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17