SOCAR Ai-92 markalı benizinin idxalı ilə bağlı vergi və gömrük rüsumuna edilən güzəştlərlə bağlı açıqlama yayıb.

Unikal.org xəbər verir ki, açıqlamada bildirilir ki, güzəşt zərurəti H.Əliyev NEZ-də aparılan təmir işləri ilə əlaqdar yaranmıb və bu, müvəqqəti haldır: "Bu qərar SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və "Azərikimya İstehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilmişdir. Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınmışdı.

Təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan Aİ-92 markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16 gününə olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3900 (üç min doqquz yüz) ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib. Hal-hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Azərbaycan Respublikasının Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət edib. Xahişimiz NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyıb.

Çünki daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaq. İdxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir. Yaxın 3-4 gün ərzində 4000 (dörd min) ton həcmində idxal benzini respublikaya gətiriləcək.