Türkiyədə hərbi çevriliş cəhdi zamanı Türkiyə Böyük Millət Məclisi və Prezident Sarayının bombalanması əmrini verən komandirlərin və həmin təyyarələri idarə edən pilotların adları açıqlanıb.
Unikal.org "Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, Konstitusiyaya Qarşı Cinayətlərin Araşdırılması Bürosunun ifadələrə və sənədlərə əsasən hazırladığı hesabatda iyulun 15-də axşam Ankarada 6 yerə 13 bomba zərbəsi endirildiyi əksini tapıb.
Hesabatda qeyd edilib ki, iyulun 15-də saat 23.18 radələrində polkovnik Ahmet Tosunun təlimatı ilə Gölbaşında yerləşən Hava Qüvvələrinin bazasına bir bomba atılıb. Bomba atılan qırıcı təyyarəni pilotlar Mehmet Çetin Kaplan və Ertan Koral idarə ediblər Saat 00.33 radələrində polkovnik A. Tosunun təlimatı ilə pilot Uğur Uzunoğlu Gölbaşı Xüsusi Təyinatlı Polis İdarəsinin binasına bir bomba atıb. Yüzbaşı Mustafa Mete Kaygusuzun təlimatı ilə əvvəlcə saat 00.56 radələrində pilotlar İlhami Aygul və Mehmet Yurdakul, saat 01.08 radələrində isə pilot Mustafa Özkan Ankara Polis İdarəsinə bomba zərbəsi endirib.
Türkiyə Böyük Millət Məclisinin bombalanması təlimatını polkovnik A. Tosun verib. Parlamentə ilk bombanı saat 02.35 radələrində pilot Hasan Hüsnü Balıkçı, saat 03.24 və saat 03.25 radələrində iki bombanı isə pilot Hüseyn Türk atıb. TÜRKSAT-ın bombalanması təlimatını verən də polkovnik A. Tosundur. TÜRKSAT-a saat 03.14, 03.15, 03.17 və 03.19 radələrində pilot Hüseyn Türkün idarə etdiyi qırıcı təyyarədən 4 bomba atılıb.
Prezident Sarayının və Prezident Sarayının körpülü qovşağının bombalanması təlimatını isə ordu generalı Akın Öztürkün kürəkəni olan kapitan Hakan Karakuş verib. Hər iki bomba saat 06.18 və 06.19 radələrində pilot Müslüm Macitin idarə etdiyi qırıcı təyyarədən atılıb.