Marketlərdə satılan yağın və şəkərin qiyməti artırıldı.
Unikal.org-un əməkdaşının "Araz", "Rahat", "Makromart" marketlər şəbəkəsində apardığı müşahidələrinə əsasən Zellandiya istehsalı olan "Golden Crown kərə yağın 1 kq-ı hazırda 8.8 AZN-ə satılır. Qiymət artımı "Westgold kərə yağının satışında da baş verib.
Bəzi mağazalarda isə 9 AZN-ə təklif edilir. Bir neçə gün əvvəl bu rəqəm 7.5 AZN təşkil edirdi.
İmişli şəkər Zavodunun istehsalı olan 1.10 AZN-ə satılan şəkərin marketlərdə hazırda satış qiyməti 1.2 AZN-dir.
Ukrayna istehsalı olan şəkər tozunun əvvəlki qiyməti 1.18 AZN idisə hazırda, 1.29AZN-ə satılır.
Market administratorları qiymətlərin artımını dolların bahalaşması ilə əlaqələndirirlər.
İstehlakçılar Unikal.org-un əməkdaşı ilə söhbətlərində bildiriblər ki, təkcə şəkərin və yağın deyil, digər məhsulların da qiymətlərində bahalaşma var.
56 yaşlı Bakı sakini Rəhilə xanımın fikrincə şəkər tozunun qiymətinin artımı meyvə tərəvəz sezonu ilə əlaqədardır: "İnsanlarımız qışa mürəbbə və kampotlar bişirirlər. Belə olduğu halda şəkər tozuna tələbəat çoxalır. İşbazlar da bundan öz xeyirləri üçün yararlanırlar".
Xatırladaq ki, bir neçə gündür dolların məzənnəsində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilməkdədir.
Bir müddət əvvəl İqtisadiyyat Nazirliyindən qiymət artımlarının qarşısının alacağı bildirilsə də, hələlik bu istiqamətdə hər hansı bir addımın atıldığı görünmür.