Keçmiş səhiyyə naziri Əli İnsanov barədə yeni cinayət işi başlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Azadlıq Radiosuna keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, avqustun 23-də gecə saat 23:00 radələrində onunla və digər həmkarı ilə əlaqə saxlayaraq, Əli İnsanovun saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsinə gəlmələrini istəyiblər.

«Saat 9-dan cəzaçəkmə müəssisəsinin qarşısındayıq. Prokurorluğun nümayəndələri müəssisəyə daxil olub. Dindirmə aparılacaq», - T.Babayev bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayətinə baxaraq, ona münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu təsdiqləyib. Azərbaycan hökumətinin üzərinə buna görə Əli İnsanova kompensasiya ödəmək öhdəliyi qoyub.

Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü ilin noyabrında Ə.İnsanovun işinə yenidən baxıb. Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu instansiya bir daha Ə.İnsanov barədə hökmü qüvvədə saxlayıb. Keçmiş nazirin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin bu qərarından 2015-ci ilin mayında Ali Məhkəməyə şikayət vermişdi.

Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatır.

***
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittiham açıqlanıb.
Unikal.org-un xəbərinə görə, bu barədə Müsavat Partiyasının üzvü, keçmiş məhkum Tofiq Yaqublu özünün "facebook" səhifəsində yazıb. T. Yaqublunun yazdığına görə, Ə. İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.