Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan Müsəlman Birliyi təşkilatın sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org lent.az-a istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov sualları cavablandırıb. Təqsirləndirilən şəxslər Aqil İsmayılov, Cabbar Cabbarov, Zakir Mustafayev İslam Ağabəyov tərəfindən işgəncəyə məruz qaldıqlarını deyiblər. Lakin İslam Ağabəyov deyilənləri təkzib edib. Bildirib ki, onlar öyrədilmiş ifadələr veriblər. İclasda təqsirləndirilən Abbas Hüseynovla İslam Ağabəyov arasında mübahisə də baş verib. A. Hüseynov ona barmaq yelləyib. İ. Ağabəyov isə buna etiraz edib. Hakim isə proses iştirakçılarına və zalda oturanlara xəbərdarlıq edib. Bildirib ki, məhkəmə iclasını pozmaq olmaz.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb. AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.