Böyrək çatışmazlığından əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının gənc aktyoru Rəhim Rəhimov müayinə üçün yaxın günlərdə Türkiyəyə gedəcək.
Unikal.org bildirir ki, aktyor "Report"a açıqlamasında deyib ki, hazırda müalicəsi davam edir və səhhəti normalıdır.
Ciddi pəhriz saxladığını qeyd edən R.Rəhimovun sözlərinə görə, bununla səhhətini qorumağa çalışır:
"Həkimlərin təyin etdikləri dərmanların köməyi ilə böyrəklərim qismən funksiyasını yerinə yetirir. Allaha dua edirəm ki, əməliyyata ehtiyac olmasın. Çünki əməliyyat ağır olacaq. Şükür ki, hələlik dializə getmirəm. Sentyabrın 2-də həm özüm, həm də mənə donor olmaq istəyən şəxs Bakıda müayinə olunacağıq".
Türkiyəyə müayinəyə gedəcəyini deyən aktyor bildirib ki, müayinə 3 gün davam edəcək:
"Ümidlə yaşayıram. İnanıram ki, hər şey yaxşı olacaq".
Səhhətində yaranan problemlərə baxmayaraq R.Rəhimov yaradıcılığına fasilə verməyib. Aktyor deyib ki, sentyabrın 15-də Şəkidə keçiriləcək II Beynəlxalq Şəki Teatr Festivalında iştirak edəcək:
"Zəng" adlı mono-tamaşamı nümayiş etdirmək istəyirəm. Sənətimlə məşğul olmaq mənə yaxşı təsir göstərir, əhvalım düzəlir".