Cari ilin birinci yarısında ölkə əhalisinin sayı 49 min 900 nəfər, yaxud 0,5 faiz artıb. Beləliklə, əhalinin sayı 9 milyon 755 min 500 nəfəri ötüb.
Unikal.org xəbər verir ki, rəsmi "Azərbaycan qəzeti yazır ki, hazırda əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər təşkil edir. Əhalinin 53,1 faizi şəhərlərdə yaşayır, 46,9 faizi isə kənd sakinləridir. Azərbaycan əhalisinin 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 77 min 300 körpənin doğulduğunu bildiriblər. Bu, hər gün ölkəmizdə orta hesabla 424 uşağın anadan olması deməkdir. Doğumun əmsalı hazırda əhalinin hər 1000 nəfərinə hesabı ilə 16,1 faiz təşkil edir. Bu il dünyaya göz açan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi qızlardır. 706 ailədə əkiz uşaq anadan olub. 12 ailə isə üçəm övladla sevinib.
Dünyasını dəyişənlərin sayı 28 min 400 nəfər olub və ölümün səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə 5,9 olmaqla, dəyişməyib. Yarım il ərzində qeydiyyat şöbələri tərəfindən 29 min 800 nikah və 6 min 300 boşanma halları qeydə alınıb.
Ölkədə miqrasiya saldosu müsbət olaraq qalır. Belə ki, 6 ayda Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 1875 nəfərin gəldiyini və 818 nəfərin ölkədən getdiyini qeydə alıblar.