"Azərbaycanda yumşaq devalvasiya davam edəcək. Mən bununla bağlı öz proqnozumu çoxdan vermişdim. Təxminən 6-7 ay öncə manatın tədricən ucuzlaşıb öz bazar qiymətini alacağını bildirmişdim.
Unikal.org xəbər verir ki, bunu muavat.com-a dəyərləndirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. O, bildirib ki, hələlik dolların bahalaşması yüksək sürətlə getmir, Mərkəzi Bank tərəfindən yumşaq siyasət aparılır: "Gec-tez manat gəlib bazar qiymətini almalıdır. Neftin qiyməti hazırda bir qədər bahalaşsa da, bu cüzi artımdır, manatın məzənnəsinə təsir etmir. Həm də Azərbaycanda idxal-ixrac əməliyyatları artıb, ixracyönümlü məhsullarımız çox böyükdür. Bu yay ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi bir qədər də artdı. Qeyri-neft sektorunda ixracın atmasına diqqət yetirmək lazımdır ki, ölkəyə gələn valyutanın həcmi artsın. Yəni bu proses hələ davam edəcək.
V.Əhmədov qeyd edib ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir: "Mən kəskin devalvasiya gözləmirəm. Hesab edirəm ki, Mərkəzi Bankın apardığı yumşaq devalvasiya davam etməlidir. Amma mənim aldığım məlumata görə, Azərbaycanda qara bazar çox ciddi problemə çevrilib. Möhtəkirlər də bundan istifadə edir. Onlar banklar tərəfindən dollar satışının məhdudlaşmasından istifadə edərək qara bazarda dolları baha satırlar. Əlbəttə, bu yolverilməzdir, qarşısı alınmalıdır, çalışmaq lazımdır ki, banklar əhalini dollarla təmin edə bilsin.
Deputatın sözlərinə görə, banklara inam yarananadək manatın ucuzlaşması davam edəcək: "Banklara inam olmadığından insanlar əmanətlərini dollara çevirərək saxlamağa çalışırlar. Bu da bazarda dollara tələbatı artırır. Bazarda dollar qıtlığının yaranmasının başqa bir səbəbi isə odur ki, bazara dollar buraxılmır. Məsələn, Mərkəzi Bankın keçirdiyi hərraclarda bankların dollara tələbi 500-600 milyon dollar olduğu halda hərraca 50-60 milyon dollar çıxarılır. Görünür ki, bu, qara bazarda kiminsə mövqeyini müdafiə edir. Mən belə hesab edirəm. Hökumət bunun qarşısını almalıdır. Dolların bahalaşması ilə birgə gələn problemlər davam edəcək. Çünki manat ucuzlaşırsa, idxal olunan malların maya dəyəri bahalaşır. Bu da bazarlarda qiymət siyasətinə öz təsirini göstərir. Çox təəssüflər olsun ki,Maliyyə Bazarlarına Nəzarət Palatasıöz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədi. Bankların sağlamlaşdırılması prosesi axıra çatdırılmadı. Bizim bu istiqamətdə hökumətə ünvanladığımız təkliflərə baxılmadı. Buna görə də proses çox ciddi şəkildə davam edir. Belə getsə, Azərbaycanın ərzaq və qeyri-ərzaq bazarında çox ciddi problemlər yarana bilər.
Vahid Əhmədov onu da vurğulayıb ki, bahalaşma fonunda sosial gərginliyin yaranmaması üçün hökumət iş görməli, addım atmalı, təklifləri həyata keçirməlidir: "Bu böhran nə qədər davam edə bilər? Böhran vəziyyətindən çıxış yolları olmalıdır. Düzdür, müəyyən qurumlar yaradıldı, ancaq biz onlardan konkret iş görmürük. Hökumət xüsusi tədbirlər planı hazırlamalıdır, hər şeyə qənaət edilməlidir. İxracyönümlü məhsulların artırılması üçün ciddi işlər görülməlidir. Əgər ölkədə bank sistemini sağlamlaşdırmasaq, manata inamı bərpa etməsək,kreditalış-verişini tətbiq edə bilməsək, problemlərimiz daha da çoxalacaq.