Şahin Mustafayevin nəzarətindəki iki qurum arasında böyük təzad
09:24 10-02-2016
İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyində yaradılan Apellyasiya Şurası nə iş görəcək?
Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, artıq yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında Apellyasiya şuralarının yaradılmasına başlanılıb. Həmçinin, İqtisadiyyat Nazirliyində də şura yaradılıb". Bunu jurnalistlərə açıqlamasında nazir müavini Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, şuranın məqsədi sahibkarların, eləcə də hüquqi və fiziki şəxslərin şikayətlərinə obyektiv və operativ formada baxmaqdır: "Mərkəzi icra hakimiyyəti, yaxud da yerli icra hakimiyyəti orqanlarının verdiyi qərarlardan, onların hərəkətsizliyindən hər hansı bir şikayət daxil olarsa, sözügedən şura tərəfindən məsələyə baxılaraq qərar qəbul olunacaq".
Nazirlikdə də şuranın yaradıldığını xatırladan nazir müavini əlavə edib ki, əgər nazirliyin fəaliyyət sahəsinə dair hansısa sahibkarlıq subyekti tərəfindən şikayət daxil olarsa, bu məsələyə qanunvericilik çərçivəsində baxılıb qərar qəbul olunacaq: "Şuranın tərkibinə İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin nümayəndələri daxildir".
Şuraya ediləcək müraciətlərin hansı formada olacağına da aydınlıq gətirən S.Məmmədov bildirib ki, müraciətlər həm elektron qaydada, həm də "195-2" çağrı mərkəzi vasitəsilə qəbul ediləcək: "Nazirlik də bu çağrı mərkəzinə qoşulub. Mərkəzə daxil olan bütün müraciətlərə dərhal reaksiya verilir".
İlk baxışda Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyində də Appelyasiya Şurasının yaradılmasında təəccüblü heç nə yoxdur, bu ölkə başçısının sərəncamından irəli gələn məsələdir.
Amma maraqlı olan bir məqam var: Azərbaycanda sahibkarların ən çox şikayətləndiyi qurumlardan biri Mustafayevin nazirliyinin tabeliyində fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir. Bu qurum inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Ancaq xüsusilə orta və kiçik sahibkarlıqla məşğul olanlar həmin Xidmətin fəaliyyətindən xeyli dərəcədə şikayətçidirlər. Çünki adıçəkilən qurumun yoxlamalarının əsas hədəfi onlardır. Bir çox hallarda həmin yoxlamalar yersiz xarakter daşıyır və sahibkarları incitməyə hesablanır.
Məhz bunu nəzərə aldıqda təzadlı situasiya yaranır: belə çıxır ki, bir tərəfdən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sahibkarları sıxışdırmağa davam edəcək, bir tərəfdən də onun tabe olduğu nazirliyin yanında fəaliyyət göstərən Apellyasiya Şurası "sahibkarların, eləcə də hüquqi və fiziki şəxslərin şikayətlərinə obyektiv və operativ formada baxacaqdır". Əlbəttə, bu heç də inandırıcı təsir bağışlamır.
Apellyasiya Şurasının yaradılması öz yerində. Amma yaxşı olardı ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyəti yeni dövrün tələblərinə uyğun tənzimlənsin, onun obyektiv, qərəzsiz fəaliyyəti təmin edilsin. Əks halda yeni yaradılan Şuranın işinin effektiv olacağına inanmaq çox çətindir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31