Bakı Nəqliyyat Agentliyi hal-hazırda Bakı şəhərində nəqliyyat axınına mane olan, tıxaclara səbəb olan nəqliyyat vasitələrinin parklanması və parkomatlara nəzarətin tam olaraq agentliyə verilməsi ilə bağlı iş aparır.

Unikal.org xəbər verir ki, bunu Milli.Az-ın rəsmi sorğusuna cavab olaraq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsindən bildiriblər.

Qeyd edilib ki, məsələ müsbət həllini tapdıqdan sonra, yəni duracaqların yaradılması, parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət tam şəkildə BNA-ya təhvil verildikdən sonra bu sahədə geniş optimallaşdırma tədbirlərinə başlanılacaq: "Artıq bununla bağlı fəaliyyət planı da hazırlanır. Əsas məqsəd bu günə qədər bu sahədə mövcud olan və şəhər sakinlərini, xüsusən də bütün hərəkət iştirakçılarını gündəlik narahat edən məsələləri qısa vaxtda aradan qaldırmaqdır. Görüləcək bütün işlərlə bağlı bizim mütəxəsisslər paytaxtın inzibati ərazisində mütəmadi olaraq təhlillər aparırlar. Gələcəkdə quraşdırılacaq bütün parkomatlar, yaradılacaq yeni duracaqlar və parkinqlərin yeri də məhz bu təhlillərə əsasən müəyyən ediləcək. Təhlillərin nəticələrinə əsasən, nəqliyyatın, eləcə də digər hərəkət iştirakçılarının intensiv və təhlükəsiz hərəkətinə maneə yaradan parkomatlar, duracaq və parkinqlər ləğvediləcək".

Qeyd edəkki, hələ 5 ay əvvəl rəsmi olaraq paytaxtda duracaqların yaradılması, parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarətin Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə veriləcəyi bildirilirdi.