"Dünya üzrə neft hasilatının dondurulmasına müsbət yanaşırıq".
Unikal.org APA-ya istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih deyib.
Neft naziri qeyd edib ki, OPEC-in gələn ay Əlcəzairdə keçiriləcək iclasında iştirak edəcək. İclasda neft istehsalının mövcud səviyyələrdə saxlanılması, neft istehsalçılarının bazar şərtləri müzakirə olunacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in bəzi üzvlərinin aprel ayında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş toplantısında istehsalın dondurulması təkliflərini rədd edib.
Xatırladaq ki, bu ilin may ayından Səudiyyə Ərəbistanının neft naziri vəzifəsini icra etməyə başlayan X. Əl-Falih müsahibələrinin birində bildirib ki, həmkarlarının neft hasilatı ilə bağlı fikirlərini öyrənmək istəyir. Bununla belə həmin vaxt o, bu məsələ ilə bağlı təcili müdaxiləyə ehtiyacın olmadığını deyərək istehsalın azaldılmasının tərəfdarı olmadığını bəyan edib.