Bildergebnis für mahir qabiloğluTanınmış yazar Mahir Qabiloğlu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında maraqlı hekayə yazıb. 

Unikal.org həmin yazını təqdim edir:

"Hekayə elədiklərim ucqar dağ kəndində baş verib. O kənd ki, əhalisi ilin doqquz ayını maldarlıq-əkinçiliklə məşğul olur, qışa azuqə yığır, üç ay qışı isə qarın əlindən evdən bayıra çıxa bilmir. Bu mahalda qızları on yeddi yaşında ərə verirlər. Hər evdən də beş-on uşağın səsi gəlir. Uşaqlar evin yeganə var-dövlətidir. Biri meşədən çır-çırpı şələləyib belində daşıyır, biri bulağa gedir, o biri təndir qalayır, həyət-bacanı yığışdırır. Evin böyük qızı sonbeşik bacısına dayəlik edir. Hərənin öz işi var. Bu, onların həyatıdır. Alışdıqları həyat. Narazılıq etmirlər. Gözlərini açıb ana-atalarını, nənə-babalarını belə görüblər. Təhsilə həvəs göstərməyiblər. Yazmağı, vurub-çıxmağı öyrəniblər, vəssalam. Kənddəki bütün evlərin həyətindən çanaq antennaları boy verir. Hamısı da Azərbaycan - Türkiyə kanallarına qoşulub. Bu həyatda oturub o biri həyata həsrətlə boylanırlar. Hətta kənddən iyirmi kilometr uzaqlıqda yerləşən rayon mərkəzinə getməyə də həvəs göstərmirlər. Onların həyatı bu kənddədir, onlar bu həyatı seçiblər.
Düzdü, hərdən kənd toyuğundan, yumurtasından, əkib-becərdiklərindən iki zənbil doldurub düşürlər rayon mərkəzinə. Qapı-qapı gəzib mallarını xırıd eləyəndən sonra girirlər dükana. Müasir, rəngbərəng qaloşlar, yun corablar, bir sözlə, əyin-baş alırlar. İki tay un götürüb yükləyirlər köhnə "Vilis maşına. Hə, içindən müxtəlif şəkillər çıxan saqqız, televiziyada reklamı gedən, uşaqları ağızlarının suyunu axıda-axıda baxdıqları şokolad-peçenyeni də yaddan çıxarmırlar.
Qayıdıb yol alırlar kəndə. Yol boyu "Vilisin sürücüsü deyinə-deyinə qalır. "Vallah verdiyiniz heç bu maşının benzin pulusu da eləmir. Sizin bu daş-kəsəkli yollarda təkərlərim də deşilir. Qadınlar isə dinmir. Elə kirimişcə oturub qulaq asırlar. Qorxurlar ki, bir söz desələr, sürücü hirslənib atar onları yolun ortasında. Nə olsun ki, atışıb pul da veriblər. Özü də əvvəlcədən.
Beləcə, gəlib çıxırlar kəndin ayağına. Dağın ətəyində yerləşən evlərdən tozanaq qopara-qopara gələn "Vilisi görüb oğul-uşaq güllə kimi şığıyaraq çıxırlar analarının pişvazına. Gözlərində sevinc, gülüş. "Görəsən, anam mənimçün nə alıb? sualları başlarında. Ürəklərində "Axı toyuq-cücəni mən saxlamışam, "axı torpağı mən becərmişəm, mən sulamışam. İndi bir şokolad nədir ki, mənimçün almayıb, "məktəbə geyinməyə qaloşum da yoxdur, köhnəsi də deşilib deyərək.
Qızbəs də hay eləməmiş uşaqları artıq onun qabağına çıxmışdı. Sanki on il görməyiblərmiş kimi, analarını qucaqlayıb öpürdülər. Əlindəki bağlamaları alıb, un taylarını isə hərəsi bir ucundan tutub üzüyuxarı - evə tərəf addımlamağa başladılar. Qızbəsin səkkiz uşağı var. Beşi oğlan, üçü qız. Böyükləri oğlandır. Onuncu sinifdə oxuyur. Atasının da anasının da dayağıdır. Ağırlığın çoxu ona düşür. Allah Qızbəsə anası kimi yeddi qız doğub, sonuncunun adını isə Qızbəs qoymağı qismət eləməmişdi. Ona görə də həyatından razı idi. Əri Mahmuddan da. Zəhmətkeş adam idi. Torpaq adamı idi. Mehriban dolanırdılar. Nə olsun ki, kasıb idilər.
Evə çatanda Qızbəs içəri girməyini gördü. "Ana, mənimçün nə almısan? deyib uşaqlar qadını dövrəyə aldılar. O isə, "dayanın görüm bir Əli balam necədir? deyərək qonşu otaqda dinməzcə uzanan Əlinin yanında oturdu. Əlini öpdü. "Balam acıb. İndi ona yemək verəcəm. Yox, lap yadımdan çıxmışdı. Gör balam üçün nə qəşəng şokolad, peçenye, rəngli corab almışam? Əlinin gözləri gülürdü, amma danışa bilmirdi. Anadan qüsurlu doğulmuşdu. Gəzə də bilmirdi. Anası əl-üzünü yuyar, yedizdirər, çimizdirər, altını təmizləyərdi. Sonra da uşaq kolyaskasına otuzdurub həyətə çıxarardı. Əli də böyüyüb on dörd yaşına çatmışdı. Xəstəliyinin çarəsi yox idi. Dövlətdən əlilliyinə görə müavinət alırdı. Anasının, atasının ən sevimli övladı, göz dağı idi.
Qızbəs ilk olaraq Əlinin payını verdi. Sonra o biri uşaqlarını da sevindirdi. Mətbəxə keçib "kerosinkanı yandırdı. Yeməyi qızdırdı. Boşqaba çəkib əvvəlcə Əlinin yanına gəldi. Onu yedizdirdi. Sonra uşaqları hayladı. Xalçanın üstündə süfrə saldı. Tağdan yığdığı pomidoru, xiyarı, qırmızı soğanı süfrənin ortasına qoydu. Təndir çörəyini də yanına. Toyuq bozbaşından boşqablara çəkib uşaqların qabağına qoydu. Evin ilki təndir çörəyini götürüb əliylə doğrayaraq hamıya payladı. Qırmızı soğanın başına yumruqla vurub hissələrə ayırdı. Bozbaşın içinə çörək doğrayıb, qaşığı vurmuşdu ki:
- Ana, yenə də mənə boynuyla qanadını vermisən? - dedi.
- Yalan demə. Dünən döş ətini sənə vermişdim. Bu gün isə növbə bacınındır.
Evin ilki səsini kəsdi. Daha danışmadı. Anası iki dənə çolpa bişirirdi günə. Birinin döş əti Əlinin idi. O birini isə növbəylə uşaqları arasında paylaşdırırdı. Kənddə isə mal-heyvan gec-gec kəsərdilər. Anası əsasən toyuq ətindən yeməklər hazırlayardı. Ona görə də doysun deyə yavanlıq eləməyə başladı. Bir qaşıq xörəyin suyundan içəndə iki dəfə çörəkdən dişləyirdi. Hamı yeməyini qurtarıb süfrədən durdu. Qızbəs ortalığı yığışdırdı. Sonra ilkinə səslənərək "Gəl mənə kömək elə, Əlini qucağımızda eşiyə çıxaraq dedi. İlki onuncu sinifdə oxusa da, çox da cüssəli deyildi. Amma atası evdə olmayanda anasına Əlini eşiyə çıxarmağa kömək edirdi. Bəzən az qalırdı ki, Əlini əlindən buraxsın da. Böyüdükcə ağırlaşırdı qardaşı.
Axşama Mahmud da gəldi. Əl-üzünü yudu. Şam elədi.
- Mahmud, ay Mahmud. Vallah gücüm çatmır Əliyə. Barı əlləri işləsəydi boynumdan yapışardı, belimə alardım. İçəridə də qoya bilmirəm. Bayırda yenə hava alır. Mən də o vaxta yerini təmizləyirəm. Batırdığı mələfələri qaynadıram. O da uşaqlara baxır başı qarışır. Nə olsun ki, danışa bilmir. Hər şeyi başa düşür.
- Mən neyləyim axı, ay Qızbəs. Neçə dəfə getmişəm icra hakimiyyətinə, sabesə. Həmişə də ərizə yazdırıblar ki, gözlə. Əlil arabası da bahadır, çox bahadır. Həm də ki, tapılmır. Ümid onadır ki, bir il pul yığaq, bunların boğazından kəsək, bəlkə onda ala bildik.
- Ay Mahmud, bir il nədir? Vallah gücüm çatmır. Yekə kişidir e. Bütün qışı qalır yataqda. Kolyaska olsa soyuq havalarda evdə də hərəkət edər.
- Bilmirəm, Qızbəs, getmişəm, demişəm, yalvarmışam. Eləmirlər də... məcbur edə bilmərəm ki... Bir də getməyəcəyəm.
- Ay kişi, bəlkə Fonda yazaq. O gün televizorda göstərirdilər ki, Əli kimilərə yardım göstərirlər. Şəxsən Mehriban xanım özü maraqlanır onlarla, himayəyə götürür.
- Ay qız, televizorda gördüklərin düzdür. Gəl sən də oğlunu götür otuzduraq maşına, aparaq qoyaq əlillər evinə. Himayə də etsinlər, kolyaskasını da versinlər.
- Yox, nə qədər sağam, mən oğlumu gözümdən kənara buraxmaram.
- Onda nə istəyirsən?
- Mənim çox da savadım yoxdur, gəl bir məktub yazaq göndərək.
- Nə? Sən donosbazlıq etmək istəyirsən? İcra başçısından, sabesdən şikayət məktubu yazmaq istəyirsən? Vallahi bizim nəslimizdə belələri olmayıb.
- Mahmud şikayət yazma e... Xahiş elə mənim adımdan. O da qadındır, anadır. Məni yaxşı başa düşər.
- Yazmaram. Bir də ki, yazacağın nə olacaq? Mən dipdiri adam gedib dayanıram İcra hakimiyyətinin qabağında, məni heç içəri buraxmaq istəmirlər. Sən də istəyirsən ki, quruca məktub yazasan, atasan poçta. Onu da aparıb çatdıralar Mehriban xanıma? Ay çatdırdılar ha...
Mahmud əllərini yellədib, əsəbi vəziyyətdə həyətə çıxdı. Qızbəs də heç nə demədi. Yır-yığış edib, samovara od saldı.
Üstündən on-on beş gün keçdi. Günorta idi. Qızbəs evi yığışdırırdı. Birdən uşaqların qışqırıq səsini eşidib hövllü həyətə çıxdı. Qara rəngli iri maşın kəndin ayağına yaxınlaşırdı. Uşaqlar da "Cip, Cip deyərək maşının dalıyca qaçırdılar. Maşın gəlib düz dayandı onların evinin aşağısında. Uşaqların səs-küyünə tövlədə olan Mahmud da çıxdı. Avtomobildən üç nəfər düşdü. Mahmud yalnız birini tanıdı - icra nümayəndəsi idi.
- Qızbəs bu evdə yaşayır. Qalxaq yuxarı. Oradır,- deyə icra nümayəndəsi kostyumda olan adamlara yol göstərirdi.
Geyimlərindən, maşınlarından yerli adama oxşamırdılar. Cığırla qalxıb həyətə girdilər. Mahmud mehribanlıqla qonaqları qarşıladı.
- Xoş gəlmisiniz.
- Xoş gördük. Bura Qızbəs xanımın evidir? - deyə qonaqlardan biri soruşdu.
- Xeyr. Bura mənim evimdir. - Mahmud ciddi görkəm alıb cavab verdi. - Qızbəs isə bu evə gəlin köçüb.
Qara kostyumlu şəxs gülümsündü. Evin kandarında dayanan qadına baxıb:
- Qızbəs xanım sizsiniz?
- Bəli, qadalarını alım.
- Biz Heydər Əliyev Fondundanıq. Sizin Mehriban xanım Əliyevaya ünvanladığınız məktubunuz əsasında gəlmişik Bakıdan. Mehriban xanım göstəriş verdi ki, gedin yerində tanış olun. Problemləriylə maraqlanıb həll edin.
Qızbəs üzünü Mahmuda çevirdi. Əri onu acıqlı-acıqlı süzürdü. Özbaşına, ərindən xəbərsiz oğluna məktub yazdırdığına görə təlaş içindəydi. Bilmirdi ki, ərinin tənəli baxışlarından özünü qorusun, yoxsa Heydər Əliyev Fonduna, Mehriban xanıma məktubunun çatmasından sevinsin. Qorxusundan qonaqları içəri də dəvət edə bilmirdi.
- Bəs Əli hardadır? - qonaqlardan biri soruşdu.
- Evdədir. Uzanıb.
- Görə bilərikmi onu. Axı biz ona baş çəkməyə gəlmişik.
- Buyurun, bu nə sözdür, - deyə Mahmud axır ki, dilləndi. Böyük oğluna da dedi ki, tez samovara od salsın.
Fondun işçiləri içəri keçdilər. Əliylə görüşdülər. Gətirdikləri hədiyyə bağlamasını ona verdilər. Lazım olan sənədləri Qızbəsdən aldılar.
- Qızbəs xanım, narahat olmayın, tezliklə əlil arabasını gətirəcəyik. Əlavə nə köməklik də lazımdırsa sizin ailəyə, ediləcək. Biz gedək. Sağ olun.
- Uşaq samovarı qaynadır. Heç olmasa bir stəkan çay içəydiniz də,- deyə Mahmud qonaqların qabağını kəsdi. - Kasıb olsaq da, qonaq üçün süfrəmiz həmişə açıqdır.
- Yox, tələsirik. Başqa kəndlərə də getməliyik. Üzürlü sayın.
- Qardaş, ay qardaş.
- Bəli, Qızbəs xanım.
- Olar bir söz deyim?
- Buyurun, başqa nə sözünüz, probleminiz varsa deyin. Çatdırarıq Mehriban xanıma.
- Qardaş, Allah Mehriban xanıma uzun ömür versin, ərini, balalarını saxlasın. Allah Heydər Əliyevə rəhmət eləsin. Qəbrini nurla doldursun.
- Amin.
***
Üstündən on gün keçdi. Artıq üç gün idi ki, Qızbəsin günü-güzəranı yox idi. Bütün günü narahat idi. Evə girir, tezcə də həyətə çıxıb gözü nigarançılıqla kəndin tozlu-torpaqlı yoluna zillənərdi.
- Kimə deyirsən? Gör heç eşidirlər? Yıxacaqsız balamı kolyaskadan. Yavaş sürün. Bu sizin üçün maşın deyil e... ba-bab siqnal verib sürürsünüz. Gəlin tez bura. Əlinin yeməyinin vaxtıdır.
Əlinin də eyni açılmışdı. Artıq barmaqlarını tərpətməyə başlamışdı. Anasının isə uçmağa qanadı yoxdu. Qardaşı velosiped siqnalı tapıb əlil arabasına quraşdırmışdı. Əli də hərdən barmaqlarını siqnala toxundurar, səs çıxanda uğunub gedirdi. Hər səhər, günorta, axşam isə Mehriban xanıma duaları Qızbəsin dilindən əksik olmurdu. "Allah Mehriban xanımın canını sağ eləsin, ömrünü uzun eləsin, ərini, balalarını saxlasın! Mahmudla uşaqlar isə ona qoşulurdular: "AMİN