Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Unikal.org-a verilən məlumata görə, prezident İlham Əliyevin 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamının tələblərinə uyğun olaraq Vergilər Nazirliyi tərəfindən "Gəlir vergisinin bəyannaməsi", "Mənfəət vergisinin bəyannaməsi", "Torpaq vergisinin bəyannaməsi", "Əmlak vergisinin bəyannaməsi" və onların tərtib edilmə qaydaları, "Dövlət rüsumunun tutulması haqqında hesabat"ın forması, "Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası", habelə "Sadələşdirilmiş verginin bəyannaməsi" və "Əlavə dəyər vergisinin bəyannaməsi"nə, "Xüsusi notariusun gəlir vergisi bəyannaməsi", "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nə əlavələr və onların tərtib edilməsi qaydalarına dəyişikliklər təsdiq edilib.

Bu dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcəkdir.

Sözügedən sənədlərlə Nazirliyin rəsmi internet səhifəsində və "Vergilər" qəzetinin növbəti sayında tanış olmaq mümkündür.