İcra başçısının sahibkarlara basqısı, büdcə talançılığı, rayondakı işsizlik ciddi problemlərə yol açıb
İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdən kütləvi narazılıq var. Narazılığın səbəbləri isə müxtəlifıdir.
Bu barədə redaksiyamıza rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Hacıyevdən ən çox narazı olan sahibkarlardır. «Ölkə rəhbərliyi Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına xüsusi diqqət yetirir. Amma təəssüf ki, İmişlidə vəziyyət fərqlidir. Rayonda Vilyam Hacıyevin özünə yaxın olan iş adamları istisna olmaqla, digər biznesmenlərin və fermerlərin durumu ağırdır. Rayon rəhbərliyi onların fəaliyyətinə qanunsuz müdaxilə edir, «haqq» qoyur. İmişlidə həyata keçirilməsinə büdcədən vəsait ayrılan layihələrin bir çoxu məhz yerli iş adamlarının hesabına reallaşdırılır. Ayrılan büdcə vəsaiti isə kimlərinsə cibinə gedir» - deyə məlumatda qeyd olunur.
«Hələ ötən ilin payızında KİV-də xəbərlər yayılmışdı ki, bir neçə aydır İmişlidəki sahibkarlara müxtəlif təzyiqlər edilir, onlardan rayondakı abadlıq-quruculuq işi adı altında pul yığılırdı. Ən qəribə məqam odur ki, sahibkarlara açıq şəkildə bu pulun yığılması göstərişinin Vilyam Hacvıyev tərəfindən verildiyi bildirilirdi. Sahibkarla da pulun niyə yığıldığının səbəblərini icra başçısının özündən soruşmaq istəyirdilər. Amma təəssüflər olsun ki, icra başçısı rayonda olmadığından bu, reallaşmamışdı. Əslində, İmişli rayonu üçün belə xəbərlər artıq çox adiləşib. Rayon sahibkarları belə soyğunçuluq faktlarından boğaza yığılıblar» - deyə mənbələrimiz əlavə edib.
Bildirildiyinə görə, yerli əhali rayondakı dövlət idarə və təşkilatlarının korrupsyia bulaşmasından da ciddi narazıdırlar. «Bu günlərdə Hesablama Palatası İmişli rayon Təhsil Şöbəsində ciddi yeyinti faktları aşkarladı. Qurumun yaydığı məlumata görə, əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib. Audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi müəyyən olunub. Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq və paralel siniflər yaradılıb və nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib. Sadalananlar yerli Təhsil Şöbəsində aşkarlanan nöqsanların bir hissəsidir. Əgər oxşavr yoxlamalar digər qurumlarda - rayonun səhiyyə, mədəniyyət və turizm, eləcə də digər şöbələrində aparılsa, orada da oxşar mənimsəmə halları aşkarlanacaq. Vilyam Hacıyev bütün bunlar barədə məlumatlı olsa da, rayon rəhbəri kimi, üzərinə düşən vəzifəni yerinə yetirmək, İmişlidə dərin kök salmış korrupsiyanı aradan qaldırmaq istiqamətində addımlar atmır. Hətta camaat belə düşünür ki, mənimsəmələrə «yaşıl işıq» yandıran elə icra başçısının özüdür» - deyə rayondakı mənbələrimiz bildiriblər.
Məlumata görə, İmişlidə işsizlik ən köklü problemlərdən biridir. Amma rayon rəhbərliyi işsizliklə bağlı real statistikanı gizlətmək, guya rayon əhalisinin məşğulluq sarıdan heç bir probleminin olmadığı görüntüsü yaratmaq istəyir. «Hələ iki il əvvəl, 2014-cü ildə rayon icra hakimiyyətinin başçısı bildirmişdi ki, guya İmişlidə işsizlik problemi demək olar, tam həllini tapıb. Bu əlbəttə, ağ yalandan başqa bir şey deyil. Rayonda əhşalinin böyük hissəsi, xüsusilə də gənclər iş tapa bilmir, bunun üçün Bakıya, digər rayonlara, Rusiyaya və digər ölkələrə üz tuturlar. Vilyam Hacıyev isə elə görüntü yaratmağa çalışır, sanki rayonun heç bir dərdi yoxdur. O çıxışlarında tez-tez təkrarlayır ki, guya İmişlidə sənaye, kənd təsərrüfatı sahəsində də böyük nailiyyətlər əldə olunub. Soruşmaq lazımdır, əgər doğrudan da belədirsə, İmişli niyə hələ də dövlət dotasiyası hesabına yaşayır?!.
Yerli əhalinin fikrincə, icra başçısı «yuxarıları» həqiqətdən uzaq məlumatlarla aldadır, onlar ümid edirlər ki, KİV vasitəsi ilə İmişlinin çoxsaylı problemlərinin işıqlandırılması həm yerli icra hakimiyyətinin yarıtmaz fəaliyyti, həm də bu rayonun çoxdandır əhllini gözləyən saysız-hesabsız problemləri barədə hökumətdə aydın təsəvvür yaradar.
Elvin Rüstəmov