Türkiyədə dövlət çevrilişinə cəhd etməkdə ittiham edilən və ölkəmizdə də müəyyən sahələrdə fəaliyyət göstərməklə müəyyən dayaqlara malik olan "FETÖ"çular Azərbaycanda istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı müdrik xalqdır və öz mənafeyini qorumaq, təhlükəsizliyini təmin etmək üçün belə amilləri zərərsizləşdirməyi, ən böyük neməti olan müstəqilliyi uğrunda mübarizə aparmağı bacarır.
Unikal.org bildirir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müaviniRövşən Rzayev deyib.
Millət vəkilinin fikrincə, hazırda müəyyən qüvvələr Türkiyəni zəiflətməyə çalışırlar. Bu isə Azərbaycanın maraqlarına cavab vermir:
"Təəssüflər olsun ki, Azərbaycana ən yaxın, qardaş dövlət olan Türkiyəni zəiflətmək istiqamətində bir siyasət aparılır. Türkiyədə dövlət çevrilişi cəhdi də o qəbildəndir. Güclü Türkiyənin olması bizim hər birimizin marağındadır. Onun problemlər girdabına salınması bizim marağımızda deyil. Ona görə də Türkiyədə törədilən terror aktları, hakimiyyətə qarşı zorakılıqlar, qeyri-konstitusion hərəkətlərin hamısının qarşısı alınmalıdır. Azərbaycan da indi olduğu kimi daim qardaş Türkiyənin yanında həmişə olacaq. Biz Türkiyənin güclü dövlət kimi inkişafının davam etməsini istəyirik. Eyni zamanda, bu gün Azərbaycan hər bir vətəndaş öz liderinin, prezident İlham Əliyevin ətrafında birləşməli, öz təhlükəsizliyini təmin etmək üçün bir sıra məsələləri həll etməyi bacarmalıdır, bəzi amilləri zərərsizləşdirməlidir".
Qeyd edək ki, terror təşkilatı yaradaraq (FETÖ) cari ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişində cəhdə rəhbərlik etməkdə ittiham edilən və hazırda ABŞ-da yaşayan Fətullah Gülənin Azərbaycanda da müəyyən dayaqlarının olduğu bildirilir.