"Second Hand" - "ikinci əl" pal-paltar satılan mağazalar Bakıda 90-cı illərdə peyda olmağa başlayıb. O vaxtlar "Memo", "Second Hand"in nə olduğunu soruşunca "geyilmiş" cavabını alanda dərhal həmin mağazadan uzaqlaşanlar da olurdu.
Ancaq bu mağazaların sayı artdıqca, müştəriləri də çoxalmağa başladı. İndi Bakıda 20-dən artıq belə mağaza fəaliyyət göstərir.
Avropadan gəldiyi deyilən geyilmiş mallar özünə əməlli-başlı alıcılar toplamağa başladı. "Second Hand" mağazalarında işləyənlər deyir ki, 20 ildən artıq şəhərdə özünə yer eləmiş bu mağazaların illərdir öz müştəriləri var.
Pulu olmayıb tez-tez paltar dəyişmək istəyənlər
Tahirə Səlimova həmin mağazaların birində işləyir. Deyir, əvvəllər malı Avropa ölkələrindən kiloqramla gətirirmişlər. İllər keçdikcə malların çeşidi də artıb, keyfiyyəti də.
"Çox keyfiyyətli, səliqəli mallardır. Təzə mallar gələn kimi bir-iki günə qurtarır".
Unikal.org azadliq.org-a istinadən bildirir ki, Tahirə Səlimovanın dediyinə görə, bu mağazalar təzə-təzə açılanda müştəriləri daha çox imkansız, amma tez-tez paltar dəyişmək istəyən tələbələr, "adam arasına" çıxan cavanlar, bir də ali təhsilli, ancaq az maaşlı təbəqəymiş. Get-gedə müştəri kontingentinə gənc müğənnilər, təqaüdçülər, sonradansa imkanı olsa da, paltara çox pul vermək istəməyən, ancaq "yaxşı geyinən" kimi tanınanlar da qoşulmağa başlayıb:
"İndi müştərilərim daha çoxdur. Çünki indi köhnə geyim alanlar da artıb".
Mağazadakı piştaxtada bir-birinin üstünə qalaqlanmış, kənarda isə səliqəylə asılmış pal-paltara, ayaqqabılara baxan hər beş nəfərdən üçü nəsə alıb çıxır. Fəridə Təhməzova deyir, artıq 10 ilə yaxındır, bu cür mağazalardan paltar alır. Təzə mal gələndə dükan sahibləri ilk köhnə müştərilərlə əlaqə saxlayıb xəbər verir. Fəridə deyir ki, ayda 350 manat maaş alır. Bu maaşa bu köhnə paltarların təzəsini ala bilməz. Ona görə elə neçə illərdir, burdan alver edir:
"İllərdir burdan paltar alıram. Təzəsinə gücüm çatmır. Bu paltarlar həm də zövqlüdür".
Kasıb "brend xəstələri"nin alış-veriş ünvanı
Mağazada bahalı brend malların dəbdən düşmüş versiyaları da var. Satıcı deyir ki, "brend xəstələri" olan kasıb müştəriləri onları həvəslə alır. Vaxtilə 300 manata olan köynək 25-30 manata, şalvar 7-8 manata, ayaqqabı 15-30 manata satılır.
Şəhərin mərkəzindən kənarda yerləşən "Second Hand" mağazalarında isə mallar daha ucuzdur. Burda 3 manata qadın ətəkləri, 5 manata yay paltarları tapmaq olur. Mağazanın satıcısı Ramil Məmmədov malların keyfiyyətinə söz olmadığını söyləyir. O deyir ki, kimyəvi təmizləmədən sonra malları ütüləyib səliqə ilə piştaxtalara düzür. Müştəriləri isə, dediyinə görə, zövqlü və kasıb adamlardır:
"Əlbəttə, bizim mağazanın əsas müştəriləri kasıb təbəqə mənsublarıdır. Ancaq müştərilərimiz zövqlüdür. Burda sadə və vaxtilə baha satılmış çox paltar tapmaq mümkündür. Bəzən təzələri də olur".
Qəribə iy
İlhamə Kərimova deyir, o da 10 il öncə bu cür mağazalardan paltarlar alıb:
"Ancaq sonradan çox söz-söhbət eşitdim. Həm də bu paltarlardan qəribə iy gəlir, ona görə daha almıram".
Azad İstehlakçıar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu cür mallara xarici ölkələrdən verilən gigiyenik sertfikatlarda göstərilir ki, belə mağazalarda 5 yaşından kiçik uşaq malları satılmamalıdır. Bakıda isə belə deyil:
"Bizdə bu məhdudiyyət yoxdur. Bu cür mallar Mərkəzi Avropa ölkələrində atılası məhsullardır. Bu malları kiloqramlarla gətirirlər. Özü də 10-15 dəfə baha satırlar. Ancaq bu mağazalara, bu mallara əhalinin tələbatı var. Camaat alır, ona görə də gətirirlər".
Dezinfeksiya əsas şərtdir
Eyyub Hüseynov deyir, "ikinci əl" məhsullarını istehsalçı ölkə kimyəvi təmizləmədən keçirir. Ancaq burda da mütləq yuyulub təmizlənib ütülənməlidir.
Vaxtilə bu cür mağazalara Respublika Sanitar Karantin Müfəttişliyi nəzarət edib. Müfəttişliyin şöbə müdiri Yədulla Balışov indi belə bir nəzarətin olmadığını bildirir:
"Bununla bağlı bizə hüquqi və fiziki şəxslər müraciət etməlidir. Lakin bizə belə müraciət gəlməyib. 90-cı illərdə vardı, indi yoxdur. Müraciətlər olarsa, biz həmin məhsulları laboratoriyaya göndərib yoxlaya bilərik. Bu cür məsələlərə yerli gigiyena və epidemiologiya mərkəzləri baxır".
"Vətəndaş sənəd istəməlidir"
Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun deməsinə görə, "second hand" mağazaları sahibkarlıq subyektləri olduğundan mərkəz orda yoxlamalar aparmır:
"Ancaq gigiyenik tərəfinə gəldikdə, təkrar istifadə olduğuna görə, həmin geyimlər mütləq dezinfeksiyadan keçməlidir. Həmin mağazalarda xoşagəlməz iy, qoxu olur. Ancaq 2015-ci ilin noyabrından bu cür sahibkarlıq subyektləri bizim tərəfimizdən yoxlanılmır. Sadəcə, vətəndaş müraciət edəndə biz onlara gigiyenik tövsiyələr veririk. Həmin malları alanda soruşsunlar ki, "bu geyimlər dezinfeksiya olunubmu, saxlama şəraiti necədir, hardan gətirilir, hansı sənədləri var?" Bunu vətəndaş özü mütləq soruşmalıdır".
"Second hand" mağazaları işlədənlər gigiyenik tələblərə əməl olunduğunu söyləyirlər. Alıcılarsa deyir ki, burada satılan pal-paltarı qaynadıb geyinirlər: "Onsuz da nimdaş olan paltar bir az da köhnəlir", deyə Fəridə Təhməzova təəssüflənir.