Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Cavadovun dindirilməsi davam edib. O, prokurorun suallarına cavab olaraq bildirib ki, Cahangir Hacıyevin tələbə yoldaşı olub: "C. Hacıyevin dəvəti ilə Fındıq Emalı Zavodunda əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi çalışmışam".
O bildirib ki, Fındıq Emalı Zavodu Beynəlxalq Bankın tərkibinə keçəndən sonra orada çalışıb: "Bizdən qabaq zavod bankdan 5 milyon manat kredit alıb, müəssisəni girov qoyub. Krediti ödəyə bilmədiklərindən zavod bankın idarəetməsinə keçib. Bundan sonra bizim idarəetmə dövrümüzdə iki günə 17 milyon kredit götürülüb. Bu da Vergilər Nazirliyinin təşəbbüsü olub. Onlar demişdilər ki, pul ödənilməlidir. Onlar bizə dedilər ki, işçilərə əməkhaqqını düzgün göstərmirsiniz. Dedik ki, işçilərimizə pulu paket şəkildə veririk. Onlar qeyd etdi ki, bizdə paket sistemi yoxdur. Bizim xərcləri qəbul eləmədilər. Ona görə həmin pulları ödəmək üçün əlavə kredit götürdük".
Azad Cabbarov onu da qeyd edib ki, bundan qabaq da onun barəsində Cinayət Məcəlləsinin 178-ci( dələduz) maddəsi cinayət işi başlanıb. O zaman da ittihamlar kreditlə bağlı olub. Pul ödənildiyindən azadlığa çıxıb.
Prokuror Azad Cavadova qayınanasının adına 816 min manat krediti hansı səbəbdən götürdüyünü soruşub.
O, suala cavab olaraq bildirib ki, həmin kredit əvvəl vəkil Akif Məlikovun adına götürülüb: "Akif gəlib bir gün dedi ki, kreditlə soyuducu almaq istəyir. Böyük məbləğ olduğundan ona heç nə vermirdilər. Sonra həmin krediti qayınanamın adına keçirdim".
Azad Cavadov soyuq və odlu silahla bağlı verilən suallara cavab olaraq bildirib ki, soyuq silah dedikləri xəncər 10 il evində olub: "Onu qaynım mərkəzi univermaqdan mənə hədiyyə olaraq alıb. Evimdə ikinci dəfə axtarış aparanda həmin əşyanı götürdülər və ekspert rəy verdi ki, guya soyuq silahdır. Halbuki, evdə ondan böyük iki balta var. Odlu silaha gəlincə isə, bu, ümumiyyətlə mənlik deyil. Özləri evə qoyublar. Səbəbi də o idi ki, mənə 6 milyon ittihamı ikinci dəfə verilirdi. Baxdılar ki, eyni əmələ görə ikinci dəfə cəzalandırmaq mümkün deyil və məhkəmədən vaxt istədilər. Yenidən bağa baxış keçirdilər və saunada yastığın altından tapança tapdılar. Mən orda odlu silah saxlasaydım, ən azından evə xəbər edərdim ki, baxış keçirəcəklər, götürün. Mən dəliyəm silahı orada saxlayım? Axtarış aparanda çox rahat idilər".
Daha sonra vəkillərin suallarını cavablandıran A. Cavadov deyib ki, zavodun 60 milyon həcmində götürdüyü kredit müəssisənin genişləndirilməsinə sərf edilib. Bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib: "İttiham aktına görə həmin pullardan 6 milyonu mənimsənilib. Burda heç bir mənimsəmədən söhbət gedə bilməz və pul ödənilməsə idi, müəssisənin özü bankın girovunda idi. Müəssisə sonradan "Aqrarkredit QSC-nin nəzarətinə keçib".
Cahangir Hacıyev onun dediklərini təsdiqləyib. "Müəssisə ilə bağlı girov sazişi imzalanıb. Sonradan müəssisənin "Aqrarkredit nəzarətinə keçməsi prezidentin müvafiq fərmanına uyğun olaraq baş tutub. Ancaq bu ittiham prezidentin fərmanına ziddir.
C. Hacıyev A. Cavadovla tələbə yoldaşı olduğunu, ona güvəndiyini və onun fəaliyyəti dövründə bankın kredit borclarının ödənildiyini deyib: "Azada irəli sürülən 6 milyonluq mənimsəmə ittihamı cəfəngiyyatdır".
Sabiq bankir silah ittihamının əsassız olduğunu deyib.
Bununla prosesdə təqsirləndirilən şəxslərin hamısının ifadə verməsi başa çatıb.
Prosesdə şahid qismində "İnter Security mühafizə şirkətinin 14 əməkdaşı ifadə verib. Şahidlər ifadəsində rəhbərlik tərəfindən banka göndərildiyini və adlarına götürülən kreditlərdən xəbərsiz olduqlarını deyiblər: "Bizə dedilər ki, gedin banka, sənədlər var, ona qol çəkin. Adınıza kredit götürüləcək, siz onu ödəməyəcəksiz. Bizə dedilər ki, pullar bankın inkişafına xidmət edir. O pulların hara getdiyindən, nə olduğundan xəbərsizik".
Xatırladaq ki, "İnter Security şirkətinin 18 əməkdaşının adına 16 milyon manat kredit götürülüb.
Proses nahardan sonra davam edəcək.
Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.