Ötən gecədən başlayaraq Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinin sökülməsinə başlanıb.
Unikal.org xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt meriyasının müvafiq qərarı ilə metro stansiyaları ətrafında gediş-gəlişə maneə olan bütün qeyri-qanuni tikililər sökülüb.
Paytaxtda ümumilikdə 107 qanunsuz tikilinin söküntüsünə sanksiya verilib. Həmin obyektlərdə əsasən gül-çiçək və ərzaq dükanları, aptek, telefon və rabitə salonları, kafe, avtoyuyucu xidmətləri yerləşib. İri ticarət mərkəzlərindən biri, "Elektrozavodskaya metrosu yaxınlığında yerləşən "Elektron ticarət mərkəzi də sökülən obyektlərin siyahısına salınıb.
Xatırladaq ki, bu, Moskvada qanunsuz tikililərin sökülməsinin ikinci dalğasıdır. Birinci dalğa bu ilin fevral ayında başlayıb. Həmin vaxt paytaxt hökuməti 100-ə yaxın tikilini sökmüşdü. Obyektləri sökülənlər arasında azərbaycanlılar da var. Paytaxtın "Yujnaya metro stansiyası ətrafında böyük ikimərtəbəli obyekti sökülən azərbaycanlı Vaqif Əliyev APA-ya açıqlamasında bildirib ki, ona məxsus olan tikilini əslində bu ilin fevral ayında sökmək istəyiblər: "O zaman burada obyektləri olan digər iş adamları ilə birlikdə məhkəməyə müraciət etdik. Neçə ay idi ki, meriya ilə məhkəmə çəkişməsi gedirdi. Nəhayət, iyun ayının sonunda məhkəmə bizim əleyhimizə qərar çıxardı.
V. Əliyev ona məxsus tikilinin qanunsuz olub-olmaması məsələsi ilə bağlı suala belə cavab verib: "Əlbəttə ki, qanunsuz deyildi. Bütün sənədləri qaydasında idi. Obyektim metro stansiyasının elə də yaxınlığında deyildi. Sadəcə olaraq, bu tikililər 90-cı, 2000-ci illərdə bundan əvvəlki merin vaxtında tikilmişdi. Onların vaxtında sənədləşdirilmişdi. Fevral ayında bizim obyektin yanında yenə həmyerlimizə məxsus böyük obyekt söküldü. Azərbaycanlıya məxsus "Yujnaya noç restoranı, onun altındakı müxtəlif dükanlar yerlə-yeksan edildi. Adını da qoydular ki, metro stansiyasının çıxışına yaxındır, gediş-gəlişə mane olur. Təklif etdikləri ticarət pavilyonlarında da icarə haqları çox bahadır.
V. Əliyev ümumilikdə metro stansiyaları ətrafında yerləşən obyektlərin əksəriyyətinin əsasən Orta Asiya ölkələri və Ermənistan vətəndaşlarına məxsus olduğunu söyləyib: "Metro ətrafındakı kiçik ticarət çadırları ermənilər, özbəklər və qırğızlara məxsusdur.
Meriyanın daşınmaz əmlak üzrə dövlət müfəttişliyinin sədri Sergey Şoqurov sökülən obyektlərin yerində yenilərinin tikilməsinin planlaşdırılmadığını söyləyib. O, iki ay əvvəl obyekt sahiblərinə söküntü işlərinin aparılacağı ilə bağlı xəbərdarlıq edildiyini də bildirib.
Qeyd edək ki, avqustun 28-də gecə saatlarında Moskvanın "Krapotkinskaya, "Ulitsa 1905 qoda "Dmitrovskoe, "Şolkovskoe, "Vıxino, "Pervomayskaya, "Yujnaya, "Naqatinskaya və "Ulitsa Akademika Yangelya metro stansiyaları ətrafında bütün qanunsuz tikilələrin sökülməsinə başlanılıb.