Unikal.org xalq artisti Tariyel Qasımovun Milli.Az-a müsahibəsini təqdim edir:
- Tariyel müəllim, bildiyimə görə, atanız aktyor olmağınıza razı deyildi. Bəs necə onu ələ ala bildiniz?
- Atam hiss edirdi ki, mən aktyor olmaq istəyirəm, amma etiraz edirdi. Günlərin bir günü xalq artisti Lütfi Məmmədbəyovun teatrına gəldim, adımı bu teatra yazdırdım. Çünki aktyorluğa böyük həvəsim var idi. O vaxt biz tələbə ikən həmkar aktyor tələbələrlə bir qəzetdə şəklimiz çıxmışdı. Kənddə atama gəlib qəzeti göstərib deyiblər ki, "Ay İskəndər, sənin oğlun aktyorluqda oxuyur. Bəs sən deyirdin, oğlum mühəndisliyi oxuyur?" Atam buna görə əsəbləşib anamı Bakıya göndərdi. Mən isə dediyimdən dönmədim və anama aktyor olacağımı bildirdim.
- Bu cür addımdan sonra atanızın sizə münasibəti necə oldu?
- Anam çıxıb kəndə getdi və atam mənimlə 10 ilə yaxın danışmadı. Biz o vaxt Qazaxa qastrol səfərinə getmişdik və mən səhnədə "Yeddi oğul istərəm" tamaşasında Cəlal rolunu oynayırdım. Atam da gəlib tamaşaçı zalında arxada oturub məni izləyib. Cəlalın güllələnmə səhnəsindən sonra o çox kövrəlib, gəlib mənimlə barışdı.
- Atanızla danışmadığınız müddətdə kəndə gedib-gəlmirdiniz?
- Xeyr, tətilə çıxanda da mən kəndə gedə bilməzdim. Atam demişdi ki, o buralara gəlməsin, mənim o adda oğlum yoxdur. Bir sözlə, mənə qadağa qoymuşdu.
- Bəs Gənc Tamaşaçılar Teatrına gəlişiniz necə oldu?
- O vaxt Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrından AZDRAMA-ya keçdi. Məni də oraya aktyor qəbul etdilər. Lütfi müəllimin oynadığı bütün rollar mənim repertuarımda qaldı. Burada həm sevgi, həm də qəhrəmanlıq rolları vardı. Sonradan Rüfət Şabanov məni "Liftçi qız" filmindəki Nəriman obrazına çəkdi. Bu filmdə böyük sənətkarımız Xuraman Qasımova ilə birgə çəkildik.
- İllər sonra etiraf etmişdiniz ki, çəkiliş prosesində Xuraman xanıma vurulmusunuz. Bu bir zarafat idi, yoxsa?..
- Xuraman xanım 50 illik yubileyinə məni də dəvət etmişdi. Onunla şəkil çəkdirəndə sənətkarlardan biri mənə baxırdı. Xuraman xanım dedi ki, Tariyeli sevirdim, amma o məni bəyənmirdi. Həmin insan da: "Tariyelin zövqünə şübhə edirəm, Xuraman kimi gözəli sevməmək mümkün deyil", - dedi. Mən isə dedim ki, o vaxtı Xuraman cüllütə oxşayırdı, cılız bir qız idi, mən amma yaraşıqlı oğlan idim. İndi də hər ikimizin ailəsi var. Bu, təbii ki, bir zarafat idi.
- Amma bu sizin həmkarınıza ilk sevgi etirafınız deyildi...
- Siz bilirsiz ki, mən xalq artisti Səfurə İbrahimova ilə bir kursda oxumuşam. 4-cü kursda oxuyanda ona sevgi etirafı etdim, razılaşdı da. O da sevindi ki, mən də bacıma deyərəm ki, Tariyel məni istəyir. Bizim universiteti bitirməyimizə 2 ay qalmışdı. Onun qarşısına şərt qoydum ki, aktrisa olmayacaqsan. Buna razılaşmadı və münasibətimizi dost kimi davam etdirdik.
- Verilişlərin birində məşhur müğənniyə də sevgi etirafı etmişdiniz. Bütün bu etiraflar nədən xəbər verir?
- Verilişlərdən birinin canlı efirində Almaz Ələsgərliyə sevgi etirafı etmişdim. Bu etiraf onun üçün də gözlənilməz olmuşdu. Təbii ki, bu bir zarafat idi. Hətta sonradan həyat yoldaşım da telefon xəttinə qoşulmuşdu.
- Bəs həyat yoldaşınızla necə tanış oldunuz?
- O vaxt pioner düşərgəsinin rəisi qadın idi. Rəisin də çox gözəl bir qızı var idi, çox da xoşuma gəlirdi. Qıza sevgi təklifi edəndə razılaşdı və universiteti bitirəndən sonra ailə qurduq. O qadından Ülvi adında bir oğlum dünyaya gəldi. Həmin xanımla 35 il yaşadım, sonra ayrıldım.
- Ayrılmağınıza səbəb nə idi?
- Bu məndən asılı olmadı, bir sözünün üstündə ondan ayrıldım. 2000-ci ildə də indiki həyat yoldaşımla ailə həyatı qurdum. İndiki həyat yoldaşım mənə çox yaxşı baxır, cavan qalmağımın da sirri o qadındır (gülür).
- Teatrda fəaliyyətiniz necədir?
- Hal-hazırda teatr məzuniyyətdədir. İki yaxşı tamaşam var: "Sən həmişə mənimləsən" və "Sarıköynəklə Valehin nağılı". "Sən həmişə mənimləsən" tamaşasının rejissoru özüməm. Həsənzadə rolunu çox arzulamışam. İnşallah, yeni sezondan tamaşalarımız çox olacaq. Mən çox xoşbəxtəm ki, düzgün sənət seçmişəm.