Lənkəranda toydan qayıdan minik avtomobili qəzaya düşüb.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Dəhşətli yol-qəza hadisəsi Ələt-Astara magistralının 202-ci km-də, Lənkəranın Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Lerik rayonunun Piran kənd sakini Əlimərdan Məmmədovun idarə etdiyi "VAZ - 21 07 markalı minik avtomobili ilə Bakının Qaradağ rayon sakini, 32-yaşlı İlham Dəmirovun idarə etdiyi "KAMAZ markalı, bitum daşıyan avtosisternlə toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb. Toqquşma nəticəsində 5 nəfər, Lerik rayon sakiniləri "VAZ - 21 07 markalı avtomobilin sürücüsü 51 yaşlı Əlimərdan Məmmədov, sərnişinlər Həqiqət Quliyeva, Vilayət Hüseynova, Günəş Hüseynova və Qismət Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər sürücü Əlimərdan Məmmədovu əməliyyat etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi keçiriləcək avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, qəzaya düşən minik avtomobilinin sürücü və sərnişinləri gecə toy məclisindən çıxaraq evlərinə gedirlərmiş.