Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kəmalə Rüstəmova ifadə verib.
İngilis dili müəlliməsi olan K.Rüstəmova bildirib ki, mərhum İlhamə Quliyevanı təqsirləndirilən M.Hüseynova vasitəsi ilə tanıyıb: "Mehribanı 2005-ci ildən yaxşı insan kimi tanımışam. İlhamə xanım mənə zəng edib əvvəl təhqir etdi, Mehribanın saxta sənədlə bağlı əlində səs yazısı olduğunu bildirdi. İlhamə xanımın evinə gedəndə, həmin səs yazısını mənə göstərdi. Həmin səs yazısında özümə aid xoş söz eşitmədim deyə, Mehribana bir sillə vurdum. Daha sonra İlhamə xanım onu bağışlayıb, öz üzüyünü Mehribana verdi. Mehriban da ağlayıb, üzr istəyəndə, Faiq Ələkbərli həmin anın videogörüntüsünü qeyd etdi".
K.Rüstəmova dindirilərkən vurğulayıb ki, M.Hüseynova İ.Quliyevanın evində olarkən Vüqar Bəkirov onun telefonunu və pulunu əlindən alıb: "İlhamə xanım Mehribanı evinə çağıranda Orxan Nadirov, Vüqar Bəkirov, Faiq Ələkbərli və Ülvi Qılınc da orada olub. Bu zaman Vüqar onun telefonunu və 300 manat pulunu əlindən aldı. İlhamə xanım isə bildirdi ki, "Mehriban da mənim kimi sonsuzdur, onun telefonunda olan nazir və deputatların nömrələrini silin". Mehribanın bıçaqlanmasını isə bilməmişəm, bundan xəbərim olmayıb. İlhamə xanım bizi həmişə restoranlara aparırdı".
Şahid K.Rüstəmovanın sözlərinə görə, İ.Quliyeva M.Hüseynovaya baş etibarnamə verib: "Daha sonra İlhamə xanım etibarnaməni ləğv etdib. İlhamə xanım Mehribanı çox sevirdi. Hələ də inana bilmirəm ki, bu hadisə baş verib".
Məhkəmənin növbəti iclası sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.