Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org bizimyol.info-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zahidə Ağamalıyeva verilən kompensasiya onu qane etməyib, ev təmirdən sonra uçub tökülüb: "Biz evi öz pulumuzla təmir etmişik".
Zərərçəkən Yeganə Səmədova isə heç kimdən şikayətçi olmadığını, ona verilən kompensasiyadan razı qaldığını deyib.
Zərərçəkən Əminə Ənsərova bildirib ki, hadisə zamanı ev tamamilə yanaraq külə dönüb. O bildirib ki, bu hadisə 63 ailənin başına gələn bir bəla idi, yaxşı ki, ölüm olmadı.Ə.Ənsərova da verilən kompensasiyadan və evlərinin təmirindən narazı qaldığını deyib: "Yanğından əvvəl evimizi "super" təmir etmişdik. Evin parketləri Almaniya istehsalı idi. Ancaq bütün evlərin hamısını eyni qaydada təmir etdilər. Bu, məni qane etmədi və evi yenidən öz hesabımıza təmir etdik. Bircə onlardan xahiş etdik, parketi gətirdilər".
Zərəçəkən Balaşxan Hümbətov da verilən kompensasiyadan narazı qalıb. "Yanğın zamanı bütün əşyalar yanıb külə döndü. Təsəvvür edin ki, qab-qacaq, paltar, bir sözlə bütün əşyalar yanıb. Verilən 15 min manata bunların hamsını necə almaq olar? Həbs edilənlərdən də şikayətçi deyiləm. Allah onların qapısını açsın".
Proses sentyabrın 6-da davam edəcək.
Hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda "TNH" şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb və barələrində həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada dünyasını dəyişib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.