Bir neçə gün əvvəl mediada Əmircan sakini, 37 yaşlı İqbal İsayevin "Absheron City Masazır" yaşayış Kompleksindən şikayəti yer aldı. İ.İsayev 2016-cı ilin oktyabrın 15-də "Absheron City" şirkətinin Masazırda Duzlu göl ətrafındakı yaşayış binalarının birinin tikintisində fəhlə işləyərkən 7 mərtəbəli tikilinin 6-cı, yaşayış üçün nəzərdə tutulan hissəsinin 5-ci mərtəbəsindən yıxılaraq beli və ayaqlarının qırıldığını bildirib, şirkət tərəfindən isə onun ailəsinə, eləcə də müalicəsi üçün maddi yardım ediləcəyinə dair söz verilsə də, sonradan bundan boyun qaçırmasından şikayət edib.
Unikal.org-un məlumatına görə, "Absheron City Masazır" Yaşayış Kompleksinin təmsilçisi Murad Həsənov isə Milli.Az-açıqlamasında İqbal İsayevin başına gələn hadisənin onlara məxsus binada yox, vaxtilə həmin şirkətdə işləmiş briqadirin şəxsi evində baş verdiyini, həmin şəxsin xəstəyə kifayət qədər yardım etdiyini, lakin sonradan ondan 15 min dollar pul tələb edildiyini, həmin məbləği verməkdən imtina etdikdə isə onu şantaj etdiklərini, həmçinin İqbal İsayevin sərbəst gəzə bildiyini, hətta "taksovatlıq" etdiyini, hazırda isə şirkətin adını əsassız hallandıraraq şirkətin nüfuzuna xələl gətirdiyinə görə İqbal İsayevdən prokurorluğa şikayət ediləcəyini bildirib.
Şirkətin belə mövqeyindən hiddətə gələn şikayətçi İqbal İsayev Milli.Az-a müraciət edərək deyib ki, "Absheron City" tərəfindən onun haqqında deyilənlərin hamısı cəfəngiyyat, yalan və böhtandır: "Mən məhz "Absheron City"nin Masazırda, Duzlu gölün qırağındakı yaşayış binasını tikərkən oradan yıxılmışam. Hadisə ötən il oktyabrın 15-də baş verib. İşə başlamazdan əvvəl bizə orada nəyəsə imza atdırdılar, amma bilmirik o nə idi. Heç bizə o sənədin surətini də vermədilər. Hadisə baş verən vaxt isə briqadirimiz Rəşad adlı şəxs olub. Rəşad indi də həmin şirkətin tikilən binalarında işləyir. Xəstəxanada bizə cəmi iki ay 300 manat verdilər. Briqadir Rəşad bizə deyirdi ki, sizi ac qoymayacağıq. Yalvarırdı ki, şikayət olunmasın. Hələ deyirdi ki, sizi işlə də təmin edəcəyik. Amma gördük ki, bizi aldadırlar. Ona görə də bir ay bundan əvvəl Abşeron Rayon Polis İdarəsinə və Prokurorluğuna, eləcə də Dövlət Əmək Müfəttişliyinə şikayət etdik. Həmin hadisə baş verən ərəfələrdə isə nə polis, nə də prokurorluq bununla maraqlanıb. İndi deyirlər ki, məsələ araşdırılır".
Şikayətçi barəsində şantaj və taksi sürücülüyü ilə bağlı deyilənləri də təkzib edib: "Deyirlər ki, guya briqadiri şantaj edib pul istəyirik. Bunlar hamısı yalandır. Biz elə adamlardan deyilik. Bizim avtomatımız yox, silahımız yox. Xəstə yatan adamam. Onlara nə edə bilərəm? Bir də deyirlər ki, guya "taksovatlıq" edirəm. Əvvəla, mənim maşınım yoxdur. İkincisi də, çəliklə gəzirəm, maşını necə sürəcəm? Hazırda ailəmlə birgə qaynanamın, qaynımın himayəsindəyəm, ancaq onlar maddi kömək edirlər. Demək olar ki, dilənçiyəm".
Onun qaynı Ceyhun Məmmədov Milli.Az-a deyib ki, onların şirkətdən yalnız İqbalın müalicəsinə yardım etmələrini istəyirlər ki, sağalıb ailəsini dolandıra bilsin: "Amma biz şirkətin təmsilçisinin açıqlamasını oxuyub dəhşətə gəldik. Nə qədər yalan danışmaq olar?! Bir şeyi deyib, sonra onu təkzib edirlər. Deyirlər ki, İqbal "taksovatlıq" edir. O ayaqla neçə maşın sürmək olar?! Ailədə yalnız mənim maşınım var. İqbal işləyə bilmir, heç bir yerdən də gəliri yoxdur. Özü də bizdən başqa heç kimi yoxdur, yetim adamdır. Ona görə də gətirmişik, bizim evdə qalır. Bir evdə 6 nəfərik. Anam, mən, yoldaşım, İqbal, bacım və onların övladı. Bircə mən işləyirəm. Ailəni dolandırmaq olmur. Hər şey bizim üstümüzə düşüb. Bacımın ailəsidir. Onları çölə atıb başlı-başına buraxmayacağıq ki?! Artıq İqbala əlilliyin təyin olunması ilə bağlı müraciət etmişik, ekspertizadan keçirilib, rəy verilməsini gözləyirik.
Bizi ən çox yandıran odur ki, "Absheron City" əvvəlcə bu məsələni öz boynuna götürdü, sonra da məsuliyyətdən qaçdı. Biz onlardan milyonlar istəmirik. İqbal ən azından iki dəfə cərrahiyyə əməliyyatı olunmalıdır. Ondan sonra iki çəliyin yalnız birindən imtina edə biləcək. Bəlkə də, tam sağalması da mümkündür. Amma bunun üçün çoxlu maddi vəsait lazımdır. Bizim elə imkanımız yoxdur axı. İstəyimiz də odur ki, İqbalın müalicəsinə, onun ayağa durub özünün işləyə bilməsinə kömək etsinlər. Hər şeyin də qanun-qayda çərçivəsində olmasını istəyirik. Amma özümüz də mat-məətəl qalmışıq".