Görüşdə Ön Asiya bəbirinin tarixi yaşama arealı ərazisində populyasiyasının bərpası perspektivləri müzakirə olunub.
L. Əliyeva bildirib ki, Ön Asiya bəbiri bir vaxtlar Azərbaycanda vəhşi təbiətdə yaşayıb: "Bəbirin ayrı-ayrı növlərinə hələ də ölkənin bəzi ucqar dağlıq rayonlarında rast gəlinir. Ölkəmiz Rusiya Federasiyası kimi, bu unikal yırtıcının qorunmasının və onun Qafqaz dağlarının vəhşi təbiətinə qaytarılmasının əhəmiyyətini dərk edir. Dövlətlərimizi təkcə ümumi sərhədlər deyil, həm də təbiətin mühafizəsi üzrə fəaliyyətdə, o cümlədən bəbirin reintroduksiyası proqramının reallaşdırılmasında ümumi vektor birləşdirir. Ən yaxşı rusiyalı və azərbaycanlı ekoloqları cəlb edərək birgə səylərlə təbii mühitdə bəbirin bioloji davamlı populyasiyasının formalaşmasında əhəmiyyətli nəticələrə nail ola bilərik.
Qeyd edək ki, iyunun sonunda Qafqazda Bəbirlərin Bərpası Mərkəzində yeni doğulmuş bəbirlərin vaksinasiyası zamanı baytar həkim və ona kömək edən Mərkəz əməkdaşları erkək Zadiqanı və dişi Andreanı analarından ayırıblar, onları müayinə ediblər, çəkilərini yoxlayıblar və infeksion xəstəliklərdən xüsusi vaksinlə peyvənd ediblər. Mərkəzdə hazırda iki dişi və bir erkək bəbir yaşayır. Bəbirlərin çəkisi 4.4, 4.9 və 4.7 kiloqramdır.
Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin direktoru Umar Semyonov isə bildirib ki, bu il mərkəzdə iki dişinin hərəsindən üçü olmaqla, altı bəbir anadan olub: "Belə böyük nəsilvermə bizdə saxlanılan heyvanların yaxşı fiziki və psixoloji vəziyyətindən xəbər verir. Yeni volyerlərin tikintisi sayəsində yeni doğulmuş körpələrin təbii mühiti maksimum yaxın olan şəraitdə böyümələri üçün kifayət qədər yer olacaq.
Öz növbəsində "Qafqaz Təbiəti Mərkəzinin baş direktoru Renat Şyuşayte bildirib ki, Ön Asiya bəbirinin populyasiyasının bərpası proqramı artıq beynəlxalq səviyyədə təbiətin mühafizəsi üzrə ən parlaq layihə olub: "Təəssüf ki, hazırda Ön Asiya bəbirinin - həm vəhşi təbiət, həm də zooparklarda saxlanılan - populyasiyasının vəziyyəti heç bir yerdə firavan sayıla bilməz. Rusiya da daxil olmaqla, dünyanın bir çox yerlərində bu növ təkbaşına bərpa ola bilməz. Bu baxımdan Azərbaycan Respublikası və IDEA İctimai Birliyi də daxil olmaqla, dünya təbiətin mühafizəsi birlikləri ilə səylərin konsolidasiyası bizim üçün daha vacibdir. Tərəfdaşlarla birlikdə bəbirin bu növünün daha əvvəl yaşadığı, hazırda rast gəlinən və ya Rusiya ərazisində vəhşi təbiətə buraxılması nəticəsində dünyaya gələ biləcək - tarixən yaşadığı areal ərazisini dəqiq tədqiq etmək lazımdır.
Bununla yanaşı, əməkdaşlıq yerli şərait və lokal populyasiyanın müasir vəziyyəti nəzərə alınmaqla, regional strategiyaların yaradılmasını, eləcə də ekoloji maarifləndirmə və yerli əhali ilə işi əhatə etməlidir.
Görüşdə həmçinin perspektivdə vəhşi təbiətdə növün davamlı populyasiyasının formalaşması ilə bəbirin yeni buraxılma zonalarının müəyyən edilməsi məqsədilə "Qafqaz Təbiəti Mərkəzinin dəstəyi ilə Qafqaz Qoruqlar və Milli Parklar Assosiasiyasının apardığı çöl tədqiqatları müzakirə olunub. Artıq bu ilin sonunda qeyd olunan iş başa çatdırılacaq ki, bu da ekoloqlara potensial buraxılma ərazilərinin aşkar edilməsi və yem bazasının vəziyyəti üzrə əldə edilmiş məlumatlar nəzərə alınmaqla bəbirin reintroduksiyası proqramının reallaşdırılmasının gələcək strategiyasını formalaşdırmağa imkan verəcək.
Qeyd edək ki, "Şimali Qafqaz təbiətinin qorunması və mühafizəsi mərkəzi Muxtar Qeyri-Kommersiya Təşkilatı ("Qafqaz Təbiəti Mərkəzi MQKT) "Şimali Qafqaz Kurortları Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb. "Qafqaz Təbiəti Mərkəzi MQKT-nin məqsədi Şimali Qafqaz təbiətinin potensialının qorunmasına, artırılmasına və mühafizəsinə, Şimali Qafqaz Federal Dairəsində ekoloji təşəbbüslərin dəstəklənməsi və irəliləyişinə, Şimali Qafqazın flora və faunasının nadir və yox olma təhlükəsi ilə üzləşən növlərinin qorunması üzrə təbiətin mühafizəsi layihələrinin reallaşdırılmasına yönəldilmiş layihələri sistemli əsasda həyata keçirməkdir.
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də Bakıda təsis edilib. Təşkilatın fəaliyyəti ictimaiyyəti ətraf mühitin problemləri barədə məlumatlandırmağa, gənclərlə əməkdaşlığa, ekoloji problemlər və onların düzgün həllinin axtarışı sahəsində təhsilə istiqamətlənib.
Qafqazda Ön Asiya bəbirinin bərpası (reintroduksiya) üzrə proqram Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2007-ci ildən reallaşdırılır. Proqramın inkişafı məqsədilə Soçi Milli Parkında Qafqazda Bəbirlərin Bərpası Mərkəzi tikilib. Hazırda Mərkəzdə "Qırmızı kitab"a düşmüş heyvanın 13 növü yaşayır, 3 bəbir 2016-cı il iyulun 15-də Qafqaz biosfer qoruğunun vəhşi təbiətinə buraxılıb. Mütəxəssislər cütlüklərin formalaşdırılması, yeni doğulmuş bəbirlərə qulluq və gənc bəbirlərin vəhşi təbiətə buraxılmasına hazırlıq üzrə işləri davam etdirirlər.