Dünyada baş verən prosesləri 15 saata yaxın müzakirə edən Con Kerri və Sergey Lavrov nədənsə Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə heç 15 dəqiqə vaxt da sərf etmədilər. Ən azından verilən xəbərlərdə bu diplomatların sırf Suriya məsələsinə dair "çevir tatı, vur tatı" etdikləri bildirilir.

Unikal.org xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə ekspert Üzeyir Cəfərov sentyabrın 9-da ATƏT-in Minsk qrupunun aparıcı simaları olan Rusiya və ABŞ-ın xarici işlər nazirlərinin görüşünün nəticələrini şərh edərkən bildirib.



Ekspert deyib ki, Sergey Lavrovla Con Kerri bu ilin aprelin əvvəllərində Qarabağda baş vermiş məlum hadisələrdən sonra tez-tez telefonla Qarabağ münaqişəsinin guya həlli üzrə hansısa danışıqlar apardıqları haqqında məlumatlar verdiklərini, lakin artıq Qarabağ məsələsinin onlar üçün o qədər də əhəmiyyətli olmadığını deyib: "Yəqin ki, belə olmasaydı, bu iki diplomat yarım gündən çox müddət ərzində apardıqları danışıqlar zamanı heç olmazsa bir az da 20 ildən artıq müddətdir davam edən, Rusiyanın hiyləgərliyi nəticəsində həlli uzadılan Qarabağ məsələsini də dilə gətirərdilər. Mənə elə gəlir ki, bunlar Suriyada olduğu kimi gözləyirlər ki, Qarabağda yenidən aktiv döyüş əməliyyatları başlansın, ölən və yaralananların sayı minlərlə olsun, ondan sonra, bəlkə, vicdanları oyana.



Ü.Cəfərovun fikrincə, məsələnin həllində ümid yalnız Azərbaycan əsgərinədir: "Düşmən tərəfi demirəm, çünki onlara özgə torpaqlarında ölmək haqq olur. Amma aprelin əvvəllərində bizim lay divar kimi igid və qəhrəman zabit və əsgərlərimiz həyatlarını qurban verdilər. Məhz onların igidliyi və qəhrəmanlıqları, şücaəti nəticəsində 20 ildən artıq bir müddətdə ATƏT və BMT-nin, digər irili-xırdalı beynəlxalq qurumların bivec siyasətbazlarının edə bilmədiklərini Azərbaycan əsgəri bir neçə saat içində etməyi bacardı. Xatırlayırsınızsa, o günlər hamı bərk əl-ayaqda idi ki, Azərbaycan Ermənistanı sərt şəkildə cəzalandırma əməliyyatına başlayıb. Putindən tutmuş ta digər irili-xırdalı siyasətçilərə qədər hamı söz verdi ki, Qarabağla bağlı hansısa addımlar atılacaq. Bəli, atıldı, amma namərd və xain bir addım oldu onlar tərəfindən. Onlar prosesi yenə dondurdular və indi də gündə bir nağıl uydururlar. Çox təəssüf ki, bizim bəzi siyasətçi, politoloq və ekspertlər də bəh-bəh ilə Qarabağın tezliklə işğaldan azad ediləcək rayon və şəhərlərini durmadan saymaqla məşğuldurlar. Vallah, belə gedişlə, mən inanmıram ki, Qarabağ düyünü nəhayət ki, açılsın. Biz nəhayət bu işi tormozlayan qüvvələri də adı ilə çağırmalıyıq. Bu Rusiya, ABŞ və onların yaxın çevrələridir. Bu qüvvələr öz ziddiyyətli davranış və hərəkətləri ilə daha çox işğalçı Ermənistanın maraqlarını təmsil edirlər. Hər dəfə dediyim sözü bu gün də təkrar etmək məcburiyyətindəyəm: Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!"