Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 26-da keçiriləcək referendumla bağlı təşviqat qrupu Gəncə və Sumqayıtda görüşlər keçirib.
YAP-dan Unikal.org-a verilən məlumata görə, Gəncə şəhərində "Yeni Azərbaycan referendum üzrə təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində partiyanın şəhər təşkilatında keçirilən görüşdə millət vəkilləri, ziyalı qadınlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri, ümumilikdə 500 nəfərə yaxın seçici iştirak edib.
Qadın seçicilərlə baş tutan tədbirdə "Yeni Azərbaycan referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, deputat Naqif Həmzəyev Azərbaycanın mühüm tarixi hadisə ərəfəsində olduğunu bildirib. O qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrün inkişaf perspektivlərini müəyyənləşdirir və insanların daha firavan həyat tərzini şərtləndirir. Görüşdə qadın seçicilərlə referenduma çıxarılan məsələlər barədə məlumat verilib.
Partiyanın Sumqayıt şəhər təşkilatında keçirilən tədbirdə isə YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev təklif edilən əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib. A. İmaməliyev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha dinamik inkişafı hədəfləyir və zamanın tələbidir. Sumqayıtda keçirilən görüşdə də referendumla bağlı seçicilər məlumatlandırılıb, seçicilər səsverməyə aktiv qoşulacaqlarını bildiriblər.