Parisin Sen-Deni rayonunda müqəddəs Kloud qəbristanlığında uyuyan
Əlimərdan bəy Topçubaşov əbədiyyətə qovuşduğundan əsrin sonlarında
Amerikaya sığınan başqa bir sələfinin taleyindən xəbərsizdir. Rəsul
Quliyevlə Cümhuriyyət qurucuları arasında heç vaxt paralellər aparmaq
mümkün olmayıb, lakin heç olmasa rəmzi oxşarlıqlar tapıb iki dövrün və
iki fərqli formasiyanın üzərindən azərbaycanlıların taleyi haqqında
fikir yürütməyə çallşırsan.
Paris Sülh konfransına yola düşərkən onu gözləyən məşəqqəti və bir daha
doğma vətənə geri dönə bilməyəcəyini göz altına alan böyük diplomatımız
bütün həyatını Azərbaycan uğrunda davaya həsr etmişdi. Ona viza
versinlər deyə, günəşi sönməkdə olan Osmanlı sultanına israrlı məktublar
yazan, maddi məhrumiyyətlərə qatlaşsalar da son qəpiklərini ideallarına
xərcləyən mücahidlərimizin həyatını izləyən hər kəsin qəlbi fərəh
hissi ilə dolur. Kasıb olduqlarını yalnız son günlərində tez-tez kirayə
yerlərini dəyişərkən hiss edən fədakar banilərimiz Amerika prezidenti
Vudro Vilsonla görüşəndə ondan mənsub olduqları xalqın haqqı olan
müstəqilliyin tanınmasını tələb edirdilər. Çarizmdən yaxa qurtarmış bir
millətin varlı oğulları yetərincəydi, lakin onların heç biri 20-ci əsrin
axırındakı övladları kimi öz vətənlərini sorub mühacirətə getməmişdiər.
Rəsul Quliyevin Amerikada Topçubaşov kimi senator və konqresmenlərlə
haqq mübarizəsi apardığını təsəvvürünüzə gətirirsizmi? Bulqakovun
"Master və Marqaritası"nda iblis Voland kimi tez-tez yüksək ideallardan
danışan bu adam rus ədibinin mistik qəhrəmanına xas bir şəkildə "qara
qutu"nun içərisinə girib Azərbaycana növbəti xilas eliksiri göndərir.
Hər gün bir nəfərin teatrında kimi 90-cı illərdə Azərbaycanı
çapıb-talayan keçmiş sovet təsərrüfatının aşağı ranqlı bir adamının
monoloqu eşidilir və 20 ildən artıqdır əsil absurd tamaşası oynanılır.
Okeanın o tayında qara üzlü kompyüterin yöndəmsiz-çəpəki qoyulmuş
monitorundan Rəsul Quliyevin tənha və soyuq evinin haşiyəsi görünür.
Əcəba əbədi mühacirətə getmiş Azərbaycan parlamentinin keçmiş sədrini
vətəndən didərgin salan hansı səbəblər olub?
AZADLIQ PUL TƏLƏB EDİR
Leninin inqilabı fəhlə-kəndli sinfinin hayqıran səsi hesabına
etmədiyi indi hər kəsə bəllidir.Alman və amerikan kapitalının sovetlər
Birliyinin məhək daşlarını necə qoyulduğu bilənlərə belə 70 ildə bizi
böyük imperiyaya sahib eləmiş babalarımızın hünərindən danışmaq
haqqından məhrum eləmir. Axı mübarizə bütün formasiyalarda təkcə qan
deyil, həm də pul tələb edir.
Azadlıq meydanının fasiləsiz mitinqləri Qorbaçovla yanaşı, gələcək
Azərbaycan dövlətini də böyük iqtsiadi dayaqlardan məhrum edirdi. Lakin
əvəzində kütləni ayaqda saxlayanların iştahası həmin aksiayalara
toplaşanların müqəddəs və məsum arzularından çox yuxarıda dayanırdı.
Mühüm neft-qaz zavodlarının rəhbərləri bu yolla yeni inqilabçıların
haqq-hesablarından qorunurdular, üstəlik, xalqın önünə çıxan yeni
qüvvələrin hamısı sovet burjuylarının pul kisəsindən asılı qalırdı.
Budur, çox keçmir hakimiyyəti ələ alan Xalq Cəbhəsi Rəsul Quliyevin
"azadlığımıza töhfə"sini məhkumluqla nəzərə alıb, ona Baş nazirinin
müavini vəzifəsini təslim edirlər. Bəli, söhbət məhz məcburiyyətdən
gedir. Çünki sovet neftayırma zavodunun bu diribaş rəhbəri məhşur rus
misalındakı kimi yumurtaların hamısını bir səbətə yığmağı sevmir. Axı
müxtəlif akademiyalarda və çayxanalarda ömür çürüdən və dirsəklərinin
sapı sallanan boz adamlarla sovetlərin balının-yağının içində üzən
müftəxorların nə birliyi ola bilərdi?
Rəsul Quliyev dövrün siyasi küləklərini öz yaxtasında dəqiq hesablayıb,
Etibar Məmmədova da investisiya qoyur, Naxçıvanda hər gün amansız
şərtlər altında Azərbaycanın ayrılmaz parçasını ermənilərdən və paytaxt
qaragüruhundan qoruyan Heydər Əieyevə də ən azı loyal münasibət
bəsləyir. Məhz o vaxtlar Elçibəyin elan etdiyi maliyyə amnistiyası boş
olan dövlət xəzinəsini həm də Quliyevin xalqdan oğurladığı pullar
hesabına doldurmaq niyyətini güdürdü, lakin hava limanına gələn dolu
təyyarənin yükünü boşaldanda məlum olmuşdu ki, cəbhəçilərin köhnə
qolçomaqlardan qopara biləcəkləri sərvətlərin yanında bunlar heç nədir.
O dövrün siyasi şərtlərini və güclü iqtsadi sarsıntılarını yaxşı
hesablayan cəbhəkratiyanın çox az düşünən beyinlərindən olan Pənah
Hüseyn dillər əzbəri olan məhşur aforizmini də məhz onda dilə
gətirmişdi: "Rəsul Qulyevlə ya işləməlisən, ya da onu məhv etməlisən".
Lakin tarixin təkəri artıq sovetlərin qəbirqazanı rolunda çıxış edən qüvvələrin özünü süpürüb atmaqdaydı.
Rəsul Quliyev Taleyranın korafəhim davamçısı kimi hərəkət edərək
Heydər Əliyevin yanında durmağa, onunla köhnə hakimiyyət arasında
əvvəlcə körpü, sonra isə cəza hökmlərini səsləndirməyə çalışaraq
istənilən iqtidar üçün yararlı sima olduğunu təsdiqləməyə çalışırdı.
Razilaşın ki, ona bu obraz qətiyyən yabançı deyildi. Çünki zaman
keçəcək, o özünün bütün daxili dünyasını dəqiq əks etdirən məşhur
açıqlamasını da başqa bir dövlət çevrilişi cəhdinin son pərdəsi enərkən
söyləyəcəkdi.
İndi isə zaman Azərbaycanı silkələyən və Qarabağ münaqişəsinin başlıca
səbəblərindən biri olan neft müqavilələrini imzalamağı tələb edir.
Budur, böyük Əliyev o dövrün mürəkkəb hərbi reallığını və işğal
gerçəkliyini nəzərə alıb keçmiş neft yavərinə xarici şirkətlərlə
danışıqlar aparmağı həvalə edir.
"Biz neft müqaviləsini imzalaya bilsəydik, hakimiyyətimiz uzunömürlü
olacaqdı" deyən Pənah Hüseynin 30 iyunda yıxılmış komandasının cəsədləri
üzərindən ayaqlayıb keçən və həmişə onlara yad olan Rəsul Qulyev yeni
eranın və Cənubi Qafqazın iqtsiadi-siyasi xəritəsini dəyişəcək qara
mazutun və sürtkü yağlarının təzədən sərəncamçısına çevrilir. İndi o,
tarixdə ilk dəfə beynəlxalq arenaya təkbaşına çıxacağı zamanın çatdığını
zənn edir və elə oradaca içindəki iblis şüşədən çıxır. Spikerin gələcək
siyasi qətli də məhz elə həmin mazutlu gölməçələrdə imzalanır.
AZƏRBAYCANIN XODORKOVSKİLƏRİ ÖLKƏDƏN DAHA TEZ QAÇIR
Bütün sovet məkanında xalqların 70 illik zəhmətinin necə sümürüldüyü
və köhnə burjuyların yeni dövrə necə uyğunlaşdığını Rusiyanın timsalında
daha qabarıq görmək olur. Berezovski, Qusinski, Xodorkovski, Abramoviç
və onlarla digər yeni rusların neft oliqarxiyasının topdağıtmaz ordusu
meydana gəlmişdi. Hər biri vaxtında orta ranqlı bir sexovşik, bəlkə də
onuncu dərəcəli iş icraçıları olan bu dəllallar Yeltsin
özəlləşdirməsinin önündə gedərək xalq malını ustalıqla yağmalaya
bilmişdilər. İqtisadi şok terapiyası çapançı azlığın yoxsul çoxluq
üzərində hakimiyyətini bərqərar etmişdi. Çox keçmədi ki, Berezovski
Rusiyanın Təhlükəsizlik Şurasının katibi seçilərək hətta bizim ölkəyə də
səfərə gəlmişdi və onun simasında neftin magik gücü tam miqyası ilə
təcəssümünü tapırdı.
İqtidar onlara təslim olurdu. Böyük Putin belə alkaş Yeltsin
dərəbəyliyindən qalan kriminal neft burjuaziyasının bütün
nümayəndələrini cəzalandırmadı.
Azərbaycanın savadsız və getdikcə hakimiyyət iştahası böyüyən
Berezovskisi - Rəsul Quliyev isə başqa bir ölkənin vətəndaşına - slovak
əsilli Marat Manafova Azərbaycanın neft kartını təqdim edir. Böyük
Murtuza Muxtarovun, messenat Zeynalabdin Tağıyevin müqəddəs ruhları
sızıldayır.
Bəli, ölkənin əsas sərvətinə sahiblik gələcəyin siyasi qarantiyası hesab
olunur. Prezidentliyə gedən yol neft müqavilələrinin paraflanan
səhifələri arasındadır. Lakin böyük Heydər Əliyev elə ilk fürsətdəcə
xarici şirkətlərə çoxmilyonluq tələblər irəli sürən beynəlxalq dələduz
Manafovu və onun himayədarı olan spikeri bu işdən kənarlaşdırır. Məhz o
gündən Bayram kişinin oğlunun yolu uzaq okeana doğru səmt götürür.
BAYRAMIN ADINI ÇƏKMİŞKƏN...
Bütün pulların vəhşi təbiətə malik olduğunu söyləyənlər yəqin səhv
etmirlər. Məşhur müşavirələrin birində Azərbaycanın böyük lideri və o
dövrün xilaskarı olan Ulu öndər onun hakimiyyətə yenidən qayıdışında rol
almağa çalışan bir qrup köhnə partiya-təsərrüfat aktivinin vəhşicəsinə
varlanmaq hərisliyini qamçılayaraq məşhur açıqlamasını vermişdi.
Sovetlərin süqutu ərəfəsində işbaz dairələrin daha da fəallaşdığını və
millətin faciələrə başı qarışdğı zaman onların barter əməliyyatları adı
altında böyük maxinasiyalar etdiklərini görən Əliyev, "Əzizov (Əmlak
Komitəsinin sədri - Z.O) məgər o neft Bayram kişiyə məxsus idi" ironik
sualını vermişdi. "Bu adamlar Azərbaycandan ixrac olunan malların
əvəzində bizə göndərilən maliyyə və digər məhsulları bir az gözləyərək
SSRİ canını tapşırandan sonra öz şəxsi hesablarına köçürüblər. Bax,
Rəsulun pulu da ordandır".
Gerçəkdən də bir zavod başçısının bütün ömrünə yetəcək qədər varidatı
yalnız ümumxalq mülkiyyətindən oğurlamaqla qazanıla bilərdi.
Rəsul Quliyevin "əsrin neft müqavilə"sindəki boş qovluğu Gülüstan
sarayında döyülmüş formada yelləməsi də buna görəydi. Lakin bir şans
daha qalırdı - Surət Hüseynovun növbəti qiyamı hər şeyi dəyişə bilərdi.
4 OKTAYBRIN ÜZƏRİNDƏKİ PƏRDƏ
Xarici cəbhədə sarsılmış Rəsul Quliyev strateji sərvətlər uğrunda heç
olmasa daxili mübarizəni udmaq üçün Rövşən Cavadovla savaşmağa
başlayarkən o, polkovnik Surət Hüseynovun bir gün ayağa qalxacağını
yaxşı bilirdi. Artıq dövlətin səhmləşdirib ona verilmədiyini görən bu
adam 4 oktaybr günü yetişəndə məhz onun hakimiyyət saatının nəhayət,
yetişdiyini zənn edirdi.
Ölkədə növbəti gərginliyin və silahlı qovğanın ən dramatik anlarında
böyük Heydər Əliyev daxili telefonla ən sadiq silahdaşlarından olan
Ramil Usubova zəng edir və Gəncədə baş qaldıran avantüraya qarşı hansı
silahlı qüvvə ilə dayanmağın mümkünlüyünü soruşur. Təcrübəli general
Naxçıvanın ağır günlərində Bakıdan gözlədikləri hücumla müqayisədə
Gəncədəki hüquq-mühafizə orqanlarını işğal etmiş qüvvələrin real gücünü
Ali Baş komandana məruzə edir. Cəbhəkratiyadan qalmış dağınıq və
siyasiləşmiş hərbi dəstələri yenidən təşkil etməkdə olan Əliyev düşmənlə
üz-üzə dayanan surətçilərin cəbhədəki təxribatlarını nəzərə alıb ona
qarşı gələn təhlükəni tarixdə misli görünməmiş bir formada aradan
qaldırmağa qərar verir. Polis qüvvələri içərisində minlərlə döyüşməyə
hazır olanlara, qvardiya və digər sədaqətli dəstələrin Azərbaycanda
qardaş qırğınında həyatlarını tərəddüdsüz qurban verəcəklərinə
baxmayaraq, böyük sərkərdə gecə saat 23-də xalqa müraciət edir. Bəli,
Türkiyənin Heydər Əliyevinə çevrilən Ərdoğan həmin hadisələri təzədən
yaşadı və tarixin mühüm dərsinə - xalqla birliyin əvəzsiz ordu gücü
demək olduğuna hamını təkrar əmin etdi.
Axşam saatlarında, prezdent sarayında artıq gecənin zülmət qaranlığında
xilas yoluna çıxan on minlərlə insanı görərkən sarsılmış Rəsul Qulyev
silahsız bir şəkildə tankın-topun qabağına çıxan və onları məğlub edən
Əliyevin dövləti necə qoruduğunu görür və kükrəmiş izdihamı kədərlə seyr
edirdi.
Surətin qiyamının boğulduğuna əmin olandan sonra tələsik gəlib ona son
hökmün oxunmasında iştirak edən Rəsul Quliyev bir az əvvəl vəd etdyimiz
amansız qənaətini bulqakovcasına dilə gətirir: "Gərək liderinə it kimi
sədaqətli olasan".
Bəli, bu sözlər 20 ildir bizə Amerikadan demokratiya gətirməyə gedən
şəxsə məxsusdur. Şübhə edirsiz? Həmin kadrlara tarixin məhkəməsindən
qaldırıb bir də baxın!
PARLAMENTİ ZAVOD KİMİ İDARƏ ETMƏK
Rəsul Quliyevin hansı siyasi məktəbin yetirməsi olduğuna toxunmadan onun indi İsveçrədə qocalıb əldən düşən Tofiq Qasımovu və sakit, çəlimsiz Ədalət müəllimi mandatdan məhrum etməsini necə izah etməsi əbədi mühacirətə getmiş bu adamın xalis demokratlığını anlamaq üçün ən yaxşı tarixi nümunədir. Sən demə, cəbhəçilər "mitinqi yaxşı təşkil edə bilmədikləri üçün" xalq təmsiliçiyini itirməyə layiq görülüblər. Gözəl Naxçıvan ləhcəsi Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır, lakin onu belə parlament demokratiyasının leksionuna çevirəndə böyük Cəlilin dili hər kəsdə acı gülüş doğurur.
XƏSTƏLİK SİYASİ OLANDA
Rəsul Quliyevin parlamentdə məşhur öpüş səhnəsi ilə ölkəni tərk
etməsinin elə ilk günündən onun mənəviyyatındakı deformasiyaların
müalicə oluna bilməyəcəyi aydın idi. İlham Əliyev qarşılaşdığı belə
unikal psixoloji tiplər qarşısında hər zamankı böyüklüyünü və
alicənablığını qətiyyətlə qoruyaraq, lakin cəmi bir dəfə kadrlardan
kənarda qalan səhnənin rəngli və həm də unudulmaz təsvirini vermişdi.
İndi gözünüzün qabağına gətirin ki, Rəsul Quliyev məlum qeyri-sabit
mənəviyyatı ilə Heydər Əliyevə sədaqət andı içmək fürsətini prezidentin
ev süfrəsində əldə edib. O, çörəyin hər cür saxtakarlığa pərdə olacagını
düşünüb böyük Şekspirin personajlarının tryükünə əl atır - "Heydər
Əliyeviç, (Rəsul həmişə belə müraciət edirdi) - sizin toxunduğunuz tikə
müqəddəsdir. Qoyun, onu mən yeyim".
Hə, bax belə. İndi isə sən demə Azərbaycanı 300 milyardlıq gəlirdən
məhrum edən müqavilələrə qarşı çıxan Azərbaycan dissidenti okeanlar aşıb
bizi də arxasınca aparıb 21-ci əsrin Musasına çevriləcək.
HƏR ŞEYİN QİYMƏTİ VAR
Vaşinqtonda o zamankı siyasi texnoloqlar elə zənn edirdilər ki, belə bir adamı hər hansı silahda patron kimi istifadə edə bilərlər. Məsələn, sovetlərin neft xəritəsini və adamlarını tanıyan eksspikerdən heç olmasa yarımştat məsləhətçi yerində yararlanmaq üçün ona partiya lazım olduğunu söyləyirlər. Azərbaycan Demokrat Partiyasının ələ keçirilməsi də məhz belə bir ssenarinin nəticəsiydi. Hamını almaq, ideologiyaları və böyük siyasi planlarını pulla ələ keçirmək şakəri bu adamın yeganə mövcudluq forması olduğundan indiki Azərbaycan parlementinin dəyərli üzvlərindən olan Vahid Əhmədov bir dəfə Rəsul Quliyevə kabinetində elə belə də demişdi - "Rəsul, deyəsən sən həyatda hər şeyə satın alacagın mal gözü ilə baxırsan?" Rentgen kimi görünən insan qəlbləri haqqında uzaqgörənliklə deyilmiş bir söz.
YAŞIL İNQİLAB
Nəhayət, Rəsul Quliyevin şarı partlamalı, onun tez-tez ironiya ilə
dediyi fiktiv bir qəhrəman olduğu üzə çıxmalıydı. 2005-ci ilin narıncı
hərəkat dalgası ümumxalq okeanının üzərinə çıxan köpükləri birdəfəlik
söndürdü.
Budur, Azərbaycanın hava səmasında 21-ci əsrin İsası peyda olur. Axı
demişdik, Ponti Pilatı Stalinə bərabər tutan Bulqakov "rejimlə döyüş"ə
uzun müddət hazırlıq görən və böyük Əliyevin cismani yoxluğundan sonra
özünün hakimiyyətə doğru yolunun açıldığını zənn edir. Lakin Rəsul bu
dəfə də Allahın elçisi ola bilmir.
Binəyə gedən yollar və keçidlər onun şəkillərini tutan minə qədər
tərəfdarının hücumuna məruz qalıb. Azərbaycanın güc orqanları bu Amerika
qripinə yoluxmuş adamların necə aldadıldıgını onlara başa sala bilmir.
Lakin uzun müddət şah rejimini devirəcəklərini vəd edən və İlham Əliyev
dövlətinin güclənmədiyinə inanan qüvvələr havadan onlara yetişəcək
apokalipsisi sonda görə bilmirlər. Azərbaycanın Xomeynisi Binə limanında
ölməkdən qorxur və onun "yaşıl inqilabı" beləcə birdəlik canını
tapşırır.
Axı böyük İran inqilabından fərqli olaraq burada din davası getmir,
söhbət Rəsulun yaşıl dolları üzərində qurdugu siyasi xanimanın
dagılmasından gedir.
Dərhal ona partiyanı təslim etmiş və ideologiyanı-siyasəti heç də pis
bilməyən Sərdar Cəlaloglu öz mirasına sahib durur, görkəmli hüquq adamı,
keçmiş Baş prokuror İlyas İsmayılov 21-ci əsrin fırıldaqçısı ilə adının
yanaşı çəkilməsinə daha dözmür və partiyadan istefa verir, Rəsula ən
azı on il "professor"casına dilmanclıq edən və yüz minlərlə dollarlıq
telefon danışıqlarının sadəcə auido-pleyerinə çevrilən alim isə miskin
vəziyyəti qarşısında özünü Xalq Cəbhəsinin anbarına salır.
CƏLİL MƏMMƏDQULUZADƏ VƏ ŞEKSPİR
İndi Rəsul Qulyev Topçubaşovun taleyini yaşaya bilməyəcəyini görüb son çağrı qarşısındadır. Axı böyük Azərbaycan ədiblərinin - DÖVLƏT ADAMLARININ müqəddəs qəbiristanlıqlarda mübarizələrinə son verdikləri tale rəsullara nəsib olmayacaq. Öz dili ilə desək "bədbəxt qəhərmanımız" Ameirkada bir Qarabağ qətnaməsi qəbul etdirmədən on illərdi ki, virtual varlığa çevrlib. Hərdən adama elə gəlir ki, bir cümlə belə ingilis dilində danışa bilməyən və Amerikaya da yaramayan bu adam içinə yerləşdiyi "qara qutu"nun - laptopun bir detalııdır. Qərb demokratiyasına gərəksiz və onların məktəbindən kəsilmiş bu sima yalnız böyük Cəlilə və Şekspirə gərək ola bilərdi.
Sizcə, Allahın və Ameirkanın rəsulu olmayan bir adamın ədəbi prototipi kimlərdir?