"Milli Şuranın mitinqi qeyri-qanunidir. Onlar Seçki Məcəlləsinin əleyhinə olaraq mitinq keçiriblər. Çünki Milli Şura referendumla bağlı təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyib. Ona görə də bu məsələ ilə bağlı mitinq keçirməməlidir".
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Milli Şuranın mitinqinə təşkilatçıların yalnız qohum-əqrəbası yığışıb: "Bu adamlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər. Başqa təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var və o buna görə o təşkilatlardan pul alırlar. Xarici təşkilatlara məlumat ötürməklə məşğuldurlar".