Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında
Apelyasiya Şuraları gözlənilən effekti verəcəkmi?
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq ayrı-ayrı nazirliklərdə, dövlət qurumlarında Apelyasiya şuraları yaradılmağa başlayıb.
Maraqlıdır ki, bu şuralara nazir müavinləri, komitə sədrinin müavinləri sədr, digər struktur bölmələrinin məsul vəzifəli şəxsləri isə üzvlər təyin edilirlər.
Apelyasiya şuralarında təmsil olunanların vəzifə və məqsədləri sahibkarlıq fəaliyyəti ilə məşğul olanların qarşılaşdıqları problemlərin obyektiv araşdırılmasına xidmət etməkdən ibarətdir. Nazirliklərdə, komitələrdə, digər dövlət qurumlarında yaradılan Şura üzvlərinə nəzər saldıqda məşhur mahnının sözləri yada düşür: “Səndən sənə şikayətim var”.
Azərbaycan reallığını nəzərə alsaq, axı nazir müavini öz nazirliyilə bağlı şikayətə necə obyektiv yanaşa bilər? Olmazmı ki, həmin şuralar nazirliyə tabe olmasın, rəhbər kənardan gətirilsin?
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev bildirib ki, Apelyasiya Şuraları növbəti bürokratik əngəl rolunu oynayacaqlar: “Bu şuralar sahibkarların problemlərinin köklü surətdə həll olunmasında effektiv rol oynamayacaq. Bu təcrübə əvvəllər Vergilər Nazirliyində geniş yayılmışdı. Sahibkarların vergi işçiləri barədəki şikayətləri, vergilərin hesablanması, vaxtında ödənilməməsinə dair etirazları həmin nazirlikdə yaradılan qurumda araşdırılırdı.
Sahibkarların üzləşdiyi problemlər tamamilə fərqlidir. Əslində bütün nazirliklərdə və icra qurumlarında bu cür şuraların yaradılması onların sahibkarların real problemlərindən xəbərsiz olmalarından xəbər verir. Çünki sahibkarlıq fəaliyyətilə məşğul olanların problemləri daha ciddi və köklüdür. Bu, yalnız hansısa məmurdan şikayət deyil. Bu, mövcud mühit, vəziyyətlə bağlıdır.
Xüsusilə, həmin qurumun məmuru sahibkara problem yaradırsa, yenidən həmin quruma müraciət olunub şikayətə baxılmasını tələb etmək siz deyən kimi “səndən sənə şikayətim var”ı xatırladır. Bu baxımdan Şuraların sahibkarlıq fəaliyyətində ciddi dəyişikliklərə gətirib çıxaracağına inanmıram.
Prosedurda nəzərdə tutulub ki, yerli icra hakimiyyəti, yaxud mərkəzi icra qurumunda baxılan məsələ həllini tapmırsa, daha yuxarı qurumlara müraciət olunacaq. Bu bürokratiyanın yeni mərhələsidir, sahibkarların problemlərini həll etməkdənsə, o problemlərin yaranmasının qarşısını almaqdansa, yaranmış problemləri kor-korana həll etmək cəhdidir. Bu baxımdan atılan addımın doğru olduğuna və faydalı nəticə əldə ediləcəyinə inanmıram”.
Hər halda ümid edək ki, bu cür düşünənlərin gözləntiləri doğrulacaq və Apelyasiya Şuraları qarşılarına qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.
Sənan Mirzə