Deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı idman kopmpleksləri və xəstəxanaların özəlləşdirilməsinə diqqət çəkib.
Deputat bir neçə ildən həmin komplekslərin təmir olunması üçün dövlət vəsaitinin yetməyəcəyini bildirib. "Səhiyyə sistemində olan avadanlıqlar demək olar ki, hər gün yenilənir. Bir müddətdən sonra onların alınmasına imkan yetməyəcək. Ona görə həmin idman kompleksləri və səhiyyə ocaqları özəlləşdirilməlidir. Yoxsul təbəqə üçün isə icbari tibbi sığortanın tətbiqinə başlamalıyıq". Eyni zamanda deputat rayonlarda tikilən hava limanlarının da özəlləşdirilməsinin vacib olduğunu bildirib. "O vaxt Lənkəran, Zaqatala, Qəbələdə hava limanları tikilərkən bildirmişdim ki, onların yerinə işləyən zavodlar tikilsin. Məsələn Lənkəranda velosiped zavodu tikilsin. Ölkəmizə nə qədər velosiped idxal olunur. İndi onları heç olmazsa özəlləşdirmək lazımdır ki, AZAL-la rəqabət mühitinə girsin. Bura xarici ucuz şirkətləri cəlb etməliyik. Eyni zamanda universitetlər özəlləşdirilməlidir". Onun sözlərinə görə sahibkarlarda hələ də əminlik yoxdur ki, növbəti devalvasiya olmayacaq. "Çünki manatla kredit verilmir. Dollarla isə almağa risk etmirlər ki, yenidən devalvasiya ola bilər. Bu gün sahibkarlar gözləmə mövqeyi tutublar. İdxal aparan sahibkarlar 36 faiz rüsumun azaldılmasını gözləyirlər. Çünki bu onlar üçün yüksək rəqəmdir. Mən bilmirəm baş verənlərdən iqtisadiyyat naziri Şahin müəllimin xəbəri varmı?! İqtisadiyyat Nazirliyi bir açıqlama verməlidir ki, hansı vəziyyət var və bundan çıxış yolları nədən ibarətdir. Əlbəttə, bu sahibkarlıq atmosferinə müsbət təsir göstərər". Futbolun çox populyar idman növü olduğunu deyən Q.Həsənquliyev Bakı Futbol Akademiyasının icraçı direktorunuin yazdıqlarına diqqət çəkib. "O yazıb ki, orada çox böyük perspektivləri olan 300 uşaq və gənc yetişdirilir. Onların inkişafı üçün xaricdən mütəxəssislər dəvət olunur. Maliyyə çatışmazlığından bu klub bağlanır. Hökumət bu məsələyə diqqət yetirməlidir və imkan verməməliyik ki, həmin futbol klubu tamamilə bağlanıb, sıradan çıxsın". Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, Azərbaycanda iqtisadi böhran deyil, müəyyən çətinliklər var: "Hökumətin də konsepsiyaları var və bu çətinliklərdən çıxacağımızı görəcəksiniz".