Tarixi yaradan
10:41 16-06-2012
CƏMİYYƏT
Tarixi yaradan
Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyət, tariximizin canlı əfsanəsidir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərə, SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərə, nəhayət, 1993-cü ilin 15 iyununda müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonrakı tarixi mərhələyə nəzər salsaq, bu gerçəkliyi aydın şəkildə görərik: Heydər Əliyev hər zaman xalqla birgə olub, hər addımında xalqa arxalanıb. Xalqımız da hər zaman böyük oğlunun müdrikliyinə inanıb, onun liderliyinə, uzaqgörənliyinə etibar edib.
Məhz bu inamla Azərbaycan xalqı 1993-cü ilin böhranlı dövründə, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya durduğu günlərdə üzünü Heydər Əliyevə tutdu, onun müdrikliyinə güvəndi. Ümumxalq etimadı ulu öndərin dövlətçilik fəaliyyətində hər zaman ona güc, qüdrət verib. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib" - müstəqil Azərbaycanın çətin vaxtlarında, dövlətçiliyimizin ağır günlərində Heydər Əliyevin göstərdiyi əzm və qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə təsdiqləyib.
1993-cü ildə Azərbaycan xalqını qardaş qırğınından, Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev 10 il sonra bizə möhkəm özüllü, sabit inkişafı təmin edilmiş bir dövlət qoydu. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm" - ümummilli lider hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı.
Heydər Əliyevin zəngin və mənalı həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan nümunə götürəcəklər. O, milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir. Böyük azərbaycanlı Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Sovetlər ölkəsinin bəlli siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində Azərbaycanı müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, Azərbaycan xalqının şan-şöhrətini - tarix və mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı adını, azərbaycançılıq məfkurəsini ən yüksək səviyyədə doğrultmaq demək idi. Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmiş, bu proses Heydər Əliyev tərəfindən bilavasitə təşviq edilmiş, dəstəklənmişdir. Keçmiş SSRİ-nin böyük şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onlara abidələrin qoyulması, küçə və meydanlara adların verilməsi, Bakının dünyanın müxtəlif şəhərləri ilə qardaşlaşmasını təşviq etmək, bu zəmində xaricdə Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlərin təşkili - bütün bunlar Heydər Əliyevin azərbaycançılıq yolunda xidmətlərinin, yalnız, bir hissəsidir.
1993-cü ilin iyununda
xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan
Heydər Əliyev
Azərbaycan mədəniyyətinə yeni nəfəs verdi. Elm, sənət adamları, xalqımızın dəyərli ziyalıları yenə də dövlətin yüksək qayğısı ilə əhatə olundular. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Unudulmuş mədəniyyət xadimlərinin yubileyləri keçirildi. İşinin çoxluğuna, vaxtının məhdudluğuna baxmayaraq ulu öndər mütəmadi olaraq mədəniyyət xadimləri ilə görüşlərə yer ayırdı. Dünyasını dəyişən görkəmli sənətkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, abidələrinin ucaldılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, həmçinin onların adının küçə, məktəb və mədəniyyət ocaqlarına verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ötən əsrin 90-cı illərinin ikinci yarısında Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin mədəniyyət və turizm siyasətinin hüququ bazası - qanunvericilik təminatı yaradıldı. Azərbaycan öz müstəqilliyinin ilk illərindən beynəlxalq mədəni əlaqələrə xüsusi diqqət yetirməyə və bunu xarici siyasətinin başlıca alətlərindən birinə çevirməyə çalışmışdır. 1992-ci ildə UNESCO-ya üzv olan Azərbaycan sonrakı illərdə Avropa Şurası, İSESCO, TÜRKSOY, MDB, GUAM kimi beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində sıx əlaqələr qurmuşdur. Respublikamız eyni zamanda dünya ölkələri arasında tam miqyaslı və təhlükəsiz mədəni mübadilə üçün böyük əhəmiyyət kəsb edən və yerinə yetirilməsi yalnız müasir beynəlxalq hüquq normalarına riayət edilməklə mümkün olan bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda, böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında layiqli yerini tutması, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərib. Onun tarixi səyləri nəticəsində dahi Məhəmməd Füzulinin 500 illik yubileyi, böyük türk dastanı "Kitabi-Dədə Qorqud"un 1300 illik yaşı UNESCO səviyyəsində, bütün dünyada qeyd olundu.
Heydər Əliyevin
azərbaycançılıq ideyasını ümummilli məfkurə
olaraq irəli sürməsi
onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz bu ideya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək deməkdir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - ümummilli liderin 2001-ci ildə söylədiyi bu tarixi sözlər, onun müdrik siyasəti kimi, zamanın sınağından uğurla çıxmaqdadır.
Bütün dünyada qloballaşmanın intişar tapdığı indiki zamanda bu inteqrasiya prosesinə öz milli-mənəvi irsi ilə, milli dəyərlərlə ümumbəşəri dəyərləri uğurla sintez edən mütərəqqi ideologiya ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Heydər Əliyevin ümumdövlət, ümummilli ideologiya səviyyəsinə yüksəltdiyi azərbaycançılıq məhz bu qlobal çağırışlara cavab verir, onların optimal həllini təmin edir. Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm bir körpüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün "Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir". Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".
Ümummilli liderin yüksəliş yolunu böyük uğurla yeni nailiyyətlərə doğru aparan möhtərəm Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsinin hərtərəfli inkişafı üçün göstərdiyi diqqət və qayğı, bu sahədə qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır, ümummilli təkamülə təminat yaradır. Ölkəmizin hər guşəsində yüksək keyfiyyət və zövqlə həyata keçirilən tikinti, bərpa işləri, yeni mədəniyyət sarayları, zəngin eksponatlara malik olan muzeylər, müasir tələblərə cavab verən kitabxana-informasiya mərkəzləri, tarixilik və müasirliyin vəhdəti ilə paytaxtımızın gözəlliyinə rəng qatan teatr və konsert salonları dövlət başçısının Azərbaycan mədəniyyətinin tərəqqisi və dünyaya inteqrasiyası istiqamətində gördüyü işlərin bir hissəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son beş ildə mədəniyyət və turizm sahəsində idarəetmənin təkmilləşdirilməsi də daxil olmaqla, dövlət proqramlarının qəbulunadək əhatəli və kompleks şəkildə həyata keçirilən islahatlar bu vacib sahənin gələcək inkişafına əminlik yaradır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin siyasi, sosial-mədəni və iqtisadi sahələrdə həyata keçirdiyi bu cür köklü islahatlar və əsaslı tədbirlər ölkəmizin iqtisadi cəhətdən günü-gündən güclənməsinə, mədəniyyət və turizm sahələrində böyük uğurlar qazanılmasına münbit şərait yaratmışdır.
Azərbaycan Respublikası müstəqilliyin bərpasının ikinci onilliyində daha da möhkəmlənmiş, inkişaf tempinə görə dünya ölkələri arasında özünə layiq yer tutmuşdur. Bunun nəticəsi olaraq Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunmuş, onun ayrılmaz tərkib hissəsi olduğunu əyani şəkildə nümayiş etdirə bilmişdir. Ölkəmizin zəngin turizm potensialı, geniş infrastruktur layihələri bu sahənin inkişafına əhəmiyyətli zəmin yaratmışdır. Bütün bu nailiyyətlər Azərbaycan dövlətinin, ölkə Prezidenti cənab İlham Əliyevin mədəniyyət və turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində əldə edilmişdir.
Ölkəmizin zəngin mədəni irsinin dünyada geniş şəkildə tanıdılması, təbliği istiqamətində həyata keçirdiyimiz işlərdə mədəniyyətimizin hamisi, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti bizə mühüm dəstək olmuşdur. Ulu öndərin xatirəsinə həsr olunmuş məqaləni də mədəniyyətimizin yaxın dostu və hamisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu rəhbər haqqında dediyi bu sözlərlə bitirmək istərdim: "Heydər Əliyev ... 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider olmuşdur".
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00