Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Unikal.org-un apa-ya istinadən  məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

F. İsmayılov məhkəmədə həmin gün sərxoş olduğunu etiraf edib: "Mən demişəm ki, metronu partladaram. Amma məlumatda yazılıb ki, guya bomba qoyacağımı demişəm".
Məhkəmənin baxış iclası oktyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-in 102 xidmətinə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.