Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Xarici İşlər Nazirlikləri səviyyəsində ikitərəfli siyasi dialoq mexanizminin davam etdirilməsinin vacibliyi qeyd olundu.

Parlamentlərarası əlaqələrin rolunu və dostluq qruplarının fəaliyyətini təqdir edən Elmar Məmmədyarov, Çili Milli Konqresinin Senatında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edən, habelə Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsini tövsiyə edən sənədin qəbul olunmasına görə təşəkkürünü bildirdi.

Görüşdə həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları, o cümlədən ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edə biləcək perspektivli sahələr müzakirə olundu.

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə də qəbul edib.

Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Alper Coşqun, diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə Azərbaycan hökumətinə, o cümlədən Xarici işlər Nazirliyinə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Türkiyə arasında olan qardaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsində oynadığı mühüm rola görə səfir Alper Coşquna təşəkkür etdi və iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın genişləndirilməsində Alper Coşqunun fəaliyyətini yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı, ikitərəfli əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi qeyd olundu. Üçtərəfli formatda əməkdaşlığın vacibliyi qeyd olunaraq, bu xüsusda Azərbaycan-Gürcüstan- Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə mexanizmlərinin əhəmiyyəti qeyd olundu.

Elmar Məmmədyarov bir daha məlum dövlət çevrilişinə cəhdin qarşının alınmasında şəhid olanların doğmalarına və qardaş Türkiyə xalqına başsağlığı verdi. O, Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu vurğuladı.

Nazir Səfir Alper Coşquna gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.


Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Milli Konqresinin birinci vitse-prezidenti xanım Daira de Xezus Qalvis Mendesin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Görüş zamanı Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafı, gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd etdi.

Elmar Məmmədyarov Kolumbiya hökuməti və "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri (FARC) təşkilatı arasında tarixi sülh sazişinin imzalanması münasibətilə Kolumbiya xalqına təbriklərini çatdırdı.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı kolumbiyalı parlamentarilərə ətraflı məlumat verən E.Məmmədyarov rəsmi Yerevanın təcavüzkar və destruktiv siyasət yürütməsi nəticəsində münaqişənin hələ də həll olunmadığını təəssüflə qeyd etdi. Nazir həmçinin Kolumbiyanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

O, Kolumbiyanın dəstəyi ilə ADA Universitetində təşkil olunan ispan dili kurslarının praktiki əhəmiyyətini qeyd etdi.

Xanım Daira de Xezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. O, iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın təşviq edilməsi, eləcə də regionlararası təmasların artırılmasının zəruriliyini vurğuladı. Qonaqlar Bakıda keçirilən Humanitar Forum və onun gündəliyində duran məsələlərin müasir dünya üçün aktual xarakter daşıdığını bildirdilər.

Görüşdə həmçinin iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olundu.


Xarici işlər naziri Elmar Məmmədyarov Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahinin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Görüşdə Afrika İttifaqı nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusunda təşkilatla və üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu nəzərə çatdırdı. Afrika İttifaqının mənzil-qərargahında təşkil olunan müxtəlif tədbirlər vasitəsilə ölkəmizin Afrika ölkələri arasında daha yaxından tanıdılması üçün ardıcıl iş aparıldığını dedi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü olaraq Afrika məsələlərinə xüsusi diqqət ayırdığını deyən nazir ölkəmizin 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildiyini və bu statusda da Azərbaycanın davamlı inkişaf məqsədlərinin təşviqinə töhfə verməyə çalışacağını bildirdi.

Nazir Qoşulmama Hərəkatının 2019-cu ildə növbəti sammitinin Azərbaycanda keçiriləcəyini qeyd edərək, Afrika ölkələrinin mütləq əksəriyyətinin Qoşulmama Hərəkatında təmsil edildiyini və bu platforma əsnasında da qitə ölkələri ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğuladı.

Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dəvət edildiyinə görə təşəkkürünü bildirdi və forumun gündəliyində duran məsələlərin aktual xarakter daşıdığını qeyd etdi. O, forumda multikulturalizm üzrə panelə sədrlik edəcəyini və beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə Afrika İttifaqının baxışını təqdim edəcəyini dedi.

Görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında əlaqələrinin gələcək perspektivləri, BMT-nin islahatı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.