Avropa Şurasının təşəbbüsü və onun Parlament Assambleyasının dəstəyi ilə həyata keçirilən "Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə adlı kampaniyasının davamı olaraq ölkəmizdə müxtəlif səviyyələrdə tədbirlər keçirilməkdədir. Bu tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Zorakılıqdan azad qadınlar Parlament şəbəkəsi ilə birgə "Qadın səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu mövzusunda seminar keçirib.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, bununla əlaqədar sentyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova AŞPA-nın "Zorakılıqdan azad qadınlar Parlament şəbəkəsinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Hicran Hüseynova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə qonaqlara məlumat verib. Komitə sədri öz çıxışında vurğulayıb ki, Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində təmsil olunublar. Son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artıb. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur. O qeyd edib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. H.Hüseynova vurğulayıb ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılıb.