Sirr deyil ki, sənət adamlarının, müğənnilərin qazanc yeri toylardır. Əcnəbi həmkarlarından fərqli olaraq nə albom satışı, nə də konsertlərdən gəlir götürə bilən azərbaycanlı şou əhlinin çörəyi necə deyərlər, toydan çıxır. Artıq toydan çıxmır, desək, o qədər də yanılmarıq. Çünki vaxtilə toy bazarında ən bərkgedən müğənnilər hazırda toysuzluqdan şikayətlənir.

Məsələn, müğənni Xatirə İslam hazırda toylardan pul qazanmadığını deyib: "Biz müğənnilər olaraq, xalqımızın toy məclislərinə möhtac qalmışıq. Başqa heç bir gəlir yerimiz yoxdur. O qədər dedilər ki, toylar da azaldı, oradan qazandığımız pullar da... Vallah deyirlər, müğənnilər belə qazanır, elə qazanır - yalandır. Hamısı yalan söhbətlərdir, pul çatdıra bilmirik".

Görək, başqa müğənnilərdə vəziyyət necədir?

Unikal.org bildirir ki, publika.az bunu araşdırıb.

Toyda toy tuturuq

Xalq artisti Gülyanaq Məmmədova narazılıq etmədi: "Allah xalqın ruzi-bərəkətini çox eləsin, bizlər də onlardan qazanaq. Şükür, Gülyazla mən əvvəlki kimi toylarımızı oxuyuruq. Qiymət məsələsinə gəlincə, bəzi adamlara istisnalar olur. Məsələn, bir də görürsən, adam övladının toyuna dəvət edir, baxırsan ki, qaçqın-köçkündür, kasıbdır. Ona endirimlər olur. Hətta imkansız ailənin toyunu pulsuz oxuduğum vaxtlar da olub. Amma kiminsə imkanı yaxşıdırsa, pula pul demirsə, varı-dövləti başından aşırsa, biz niyə endirim etməliyik ki? Baxırsan səsi olmayan, fonoqramla oxuyan müğənniyə istədiyi məbləği verir, zəhmət çəksin, bizə də versin. Elə adamlara güzəştə gedib, endirim etmirik. Çünki biz əziyyət çəkirik, toyu canlı oxuyuruq. Həm də bizim xüsusi toy repertuarımız olur. Biz bacılar toyda toy tuturuq".

Gülyanaq toy qiymətlərini açıqlamadı: "Rəqəm açıqlamıram. Ancaq varlıya endirim etmirik. Kasıba güzəştimiz olur. Biz rəqəmi yalnız toy sahibinə deyirik".

"Gəlin maşınları da elə bil yoxa çıxıb"

Müğənni Mətanət Əsədova toyların sayının azaldığından gileyləndi: "Müğənni səhnə adamıdır, gözəl geyinməlidir, yaraşıqlı görünməlidir. Bunun üçün də pul xərcləməlidir. Onu da pulu yalnız toylardan çıxır. Ay müğənnilər belə lüks həyat tərzi keçirir, belə yüksək səviyyədə yaşayır, evləri belə, maşınları belə... Bacı, deyib-deyib toylarımızı da qurutdular. Ayda 15 dəfə toyum olurdusa, indi demək olar ki, toy yoxdur. Fikir vermisiniz, gəlin maşınları da elə bil yoxa çıxıb. Qiyməti də salmışıq e, təki toya dəvət eləsinlər".

Nə illah elədiksə, Mətanət qiymət açıqlamadı.

"Nə toy, nə qonorar?"

Müğənni Nadir Qafarzadənin prodüseri elə ağladı ki, az qaldım, qonorarımı alanda aparıb onu Nadirə verəm.

"Ay qız, nə danışırsan, nə toy, nə qonorar? Nadir nəinki axırıncı dəfə hansı toya getdiyini xatırlamır, getdiyi restoranları belə unudub. O, tək də deyil, 15 nəfərlik komandası var. Biz hamımız onun əlinə baxırıq, gərək toy olsun ki, qazanıb, onlara da verim. Təsəvvür edin, toy yox, işçilərin vəziyyəti necədir? Mən də onlardan beşbetər", - deyir N.Qafarzadənin prodüseri.

"Beş minə gedirəm"

Müğənni Faytonçu Nazim şikayətlənmədi: "Allah xalqın cibinə bərəkət versin, şükür Allaha, toylarım əvvəlki kimidir. İndən belə necə olacaq, bilmirəm. Qiymətimi də nə azaltmışam, nə də artırmışam. Hamı bilir - beş minə gedirəm".

"Vəziyyət çox pisdir"

"Faytonçu Nazimdən fərqli olaraq, müğənni Nadir Bayramov "qan ağlayıb, yaş tökdü": "Vəziyyət çox pisdir. Toylarımın sayı xeyli azalıb. 70 faiz zəiflikdir. Mən əvvəldən qiymət oxuyan müğənni olmamışam, elə indi də beləyəm. Axşama iki yarımsaatlıq toyum var, biri yaxın adamdır, pulsuz oxuyacam, o birisi də nə versə, götürəcəm, çünki qiymət danışmamışam".

"Qiymətlərim də dəyişməyib"

Müğənni Elton Hüseynəliyevin cavabı qısa-konkret oldu: "Hər şey yaxşıdır, istər Azərbaycan, istərsə də Rusiya toylarımın sayı əvvəlki kimidir. Qiymətlərim də dəyişməyib, olduğu kimi qalır".

"Dollarla işləyirəm"

Müğənni Manaf Ağayev manatın dəyərdən düşdüyünə görə qonorarı dollarla aldığını dedi: "Manat dəyərdən düşüb, alınan qəpik-quruşa nə etmək olar? Buna görə də qonorarı dollarla alırıq. Amma vəziyyət çox pisdir, toyların sayı azalıb. Heç olmasa əvvəllər toyda 5-3 manat xərcləyirdilər, şabaş olurdu, indi o da yığışdırılıb. Qiyməti qaldırmamışam, amma endirimlər edirəm. Bir də görürsən toy yiyəsinin imkanı çatmır o məbləği verməyə, amma ürəyi istəyir toyunda məni oxutsun. Gedib, istədiyi məbləğə oxuyuram. Mən əvvəldən qiymət oxumurdum, indi heç demirəm".

"Beş minə yox, ondan da artıq..."

Müğənni Ayaz Qasımov da halından məmnundur: "Toylarım azalmayıb, əksinə artıb. Bəzən toy qiymətlərimi yalan yazırlar. Deyirlər ki, Ayaz Qasımov toylara 5 minə gedir. Yalan məlumatdır, mən ondan da artıq qiymətə toya gedirəm".

...Allah daha da artıq eləsin, istəməyən kor olsun ay Ayaz. Amma sabah-birigün vergi başının üstünü kəsdirəndə Nadir Qafarzadə kimi sən də demə ki, axırıncı dəfə toyda nə vaxt maral-maral oxuduğunu xatırlamırsan.