Böyükhesablı məğlubiyyətin pərdəarxası Unikal.org-da

Futbol üzrə son Azərbaycan çempionu "Qarabağ srağagün axşam beynəlxalq arenada növbəti sınağına çıxıb. Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fiorentinanın qonağı olub.

İlk turda Bakıda heç də güclü olmayan rəqibi "Slovanla heç-heçə edən "Qarabağı bu dəfə səfərdə ağır məğlubiyyətə üzülüb. İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub. Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi 4 topa endirib.

Bu ağır məğlubiyyət bir həqiqəti ortaya çıxarıb: Ağdam təmsilçisinin heyəti Avropa Liqası kimi qitənin ikinci önəmli klub futbolu turniri üçün yetərli deyil. «Qarabağ» nüfuzlu turnirə daha gücləndirilmiş heyətlə qatılmalı idi. Baş məşqçi Qurban Qurbanovun yetirmələri bəlkə də hazırki potensialla daxili çempionatda uğurla çıxış edə bilərlər, amma unudulmamalıdır ki, Avropa Liqası fərqli arenadır, bu turnirdə yaxşı nəticə əldə etmək və darmadağınlardan sığortalanmaq üçün daha böyük futbolçu potensialı tələb olunur.

Bunu nəzərə almaq lazım idi - özü də ən azı «Qarabağ»ın Avropada yoluna uzun müddət davam edəcəyi dəqiqələşən andan etibarən!

Qeyd edək ki, böyük hesablı məğlubiyyətdən sonra baş məşqçinin açıqlamaları da «Qarabağ»ın hazırki heyətinin Avropa arenasında uğurla çıxış etmək iqtidarında olmadığının dolayı yolla etirafıdır. Belə ki, Qurban Qurbanov ağır məğlubiyyəti şərh edərkən belə deyib: «Oyun haqda danışmağa ehtiyac görmürəm. Florensiya klubunun heyətində yaxşı futbolçular var. Rəqibimiz əla baş məşqçiyə malikdi. "Fiorentina tez-tez oyunun axarını istədiyi kimi dəyişməyi bacarır».

Bu o deməkdir ki, məğlubiyyətdə heç də başqa amillər yox, əsasən klublar arasındakı səviyyə fərqi həlledici oynayıb!

Bəs belə bir kəskin fərqin əsas günahkarı kimdir? Şübhəsiz, klubun idarəçiləri, onlardan da daha çox «Qarabağ»ın maliyyə dəstəkçisi, yəni sponsoru! Söhbət «Azərsun» şirkətindən gedir.

Son vaxtlar adı daha çox ərzaq məhsullarının əsas bahalaşdırıcılarından biri kimi hallanan, ölkə iqtisadiyyatında inhisarçı mövqelərə sahib önəmli şirkətlərdən biri olaraq kifayət qədər böyük gəlirlərə malik «Azərsun»un Ağdam təmsilçisinin Avropa arenasında uğurla çıxış etməsi, ən azı belə ağırhesablı məğlubiyyətlərdən, darmadağınlardan sığortalanması üçün səxavətli olması gərəkirdi.

Amma belə görünür, hansısa səbəblərdən (obyektiv və ya subyektiv! - bu bir o qədər də fərq etmir) şirkət həmin səxavəti nümayiş etdirmək istəməyib, nəticədə isə dünən axşam yüzminlərlə azərbaycanlı futbolsevər, «Qarabağ» fanatı olub-olmamasından asılı olmayaraq hər bir vətəndaşımız xeyli üzüntü yaşamaq məcburiyyətində qaldı.

Adı hər birimiz üçün doğma, müqəddəs olan bir klubumuzun belə biabırçı məğlubiyyəti isə üzüntümüzü daha da artırır.

«Azərsun» Ağdam təmsilçisinin rəsmi sponsoru olaraq, həmin üzüntünü, məyusluğu bizə yaşatmamalı idi, yaşatmaya da bilərdi. Yuxarıda da qeyd etdiyimiz kimi, Avropa Liqası kimi önəmli bir yarışda «Qarabağ»ın heyətini lazımi transferlərlə, daha doğrusu, bu cür transferlər həyata keçirmək üçün yetərli maliyyə vəsaiti ayırmaqla! Amma bu baş verməyib və nəticə ortadadır. Hesab edirik ki, adıçəkilən şirkətin srağagünki darmadağından alacaq çox dərsi var.

Əks halda oxşar üzüntüləri, məyusluqları hələ çox yaşamalı olacağıq.

***

Bəzi məmurlardan Azərbaycana daha bir təhdid

Onlar ölkənin ərzaq təhlükəsizliyini necə təhlükəyə atırlar?

Araşdırmalar göstərir ki, xeyli torpaq sahələri çoxsaylı məmurlar tərəfindən zəbt olunub, müxtəlif yollarla ələ keçirilib və istifadəsiz qalıb. Bu, yolverilməzdir və ciddi təhlükələrə yol açır.

Söhbət ilk növbədə Azərbaycanın ərzaq təhlükəsizliyinin təhdid altına düşməsindən gedir.

Qeyd edək ki, ölkə başçısı son vaxtlarda bu mövzuda bir neçə dəfə kəskin fikirlər səsləndirib və bu, məsələnin ciddiyyətindən xəbər verir. Prezident sonuncu dəfə entyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib. Ölkə başçısı qeyd edib ki, məsələ ilə bağlı bu il çox ciddi təftiş aparılır: "Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir.

Bir neçə gün əvvəl məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev isə deyib ki, Azərbaycanın başqa dövlətlərlə müqayisədə əkinə yararlı torpaqları o qədər də çox deyil: "Cənab Prezident çox haqlı olaraq irad tutdu ki, bəziləri 99 illik müqavilə ilə hektarlarla əkinə yararlı torpağı çəpərləyib. Burda 5-10 sotdan söhbət getmir. Söhbət məmurlar, oliqarxlar tərəfindən 500-1000 hektarlarla torpaq sahələrinin hasarlanmasından gedir. 2015-ci ilin sonu 2016-cı ilin əvvəlində qanuna edilən dəyişikliklə torpağı əkməyən sahibkarların cəzalanacağı müəyyən edildi.

Bu gün əkin adı ilə torpaqlarda evlər tikirlər, imarətlər ucaldırlar. Bu baxımdan ölkə başçısının iradları çox yerindədir. Və Prezidentin də vurğuladığı kimi, torpaqlar geri qaytarılmalı, həmin adamlar cəzalandırılmalıdır.

Sədr müavini İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə gərgin işlər aparıldığını bildirib: "Məhz onların araşdırması nəticəsində əkilməyən torpaqlar aşkarlanıb. Bir tərəfdən deyirik ki, əkilməyən torpaqlarda meliorasiya, irriqasiya işləri aparaq. Halbuki, bizim əkinə yararlı torpaqlarımız hasarlarda qalıb. Mən hesab edirəm ki, həmin məmurlar xalqın düşmənidir.

Məmurlar iri torpaq sahələrini qanunsuz ələ keçirməsinə, həmin torpaqların böyük hissəsinin yaranmasına dair isə ortada çoxsaylı müdhiş faktlar var.

Məsələn, bir neçə ay əvvəl kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirmişdi ki, bu gün ayrı-ayrı rayonlarda yaradılan təsərrüfatların sahibləri hökumətdə işləyən yüksək çinli məmurlardır. O, bildirib ki, hətta 30 min hektar əkin sahəsi olan məmurlar var: "Axı bu məmurların təsərrüfatlara nəzarət etmək, biznesin yaxşılaşdırılması, məhsulun keyfiyyətinin artırılması istiqamətində hər hansı addım ata bilmələri üçün vaxtları yoxdur. Onlar nazir, yaxud nazir müavini kimi verilən vəzifənin öhdəsindən gəlmək üçün bütün günlərini paytaxt Bakıda keçirirlər. Həmin təsərrüfatlarda hər an situasiya dəyişir. Yəni, hər an lazımi qərarlar verməyə ehtiyac yaranır, məmurlar isə sahədə olmur... Xüsusilə iqlim dəyişikliyi müşahidə edilən bir dövrdə buna uyğun olaraq, da tez-tez dəyişik qərar vermək lazım gəlir. Riskləri azaltmaq, suvarma suyuna olan ehtiyacı ödəmək üçün addımlar atılmalıdır.

Mütəxəssis bildirmişdi ki, hansısa ehtiyacın ödənilməsi 1-2 gün gecikəndə məhsuldarlıq həmin an aşağı düşür: "Bitki gözləyə bilmir. Bu sahə çox böyük diqqət tələb etdiyi halda bizim məmurlar həmin əraziləri pulla alır, yaxud zəbt edərək özləri üçün təsərrüfat yaradırlar. Hətta onların yaratdığı təsərrüfatlarda məhsuldarlıq ürəkaçan deyil. Dövlət büdcəsi hesabına nə isə etsələr belə, istehsal edilən məhsullar rəqabətqabliyyətli, xarici bazara çıxarılası deyil. Azərbaycanın da elə geniş ərazisi yoxdur ki, həm məmurlar zəbt etsin, həm də kəndlilər mal-məhsul istehsal edib ölkənin ərzaq məhsullarına olan təminatını həyata keçirsinlər və bundan başqa məhsul ixrac edib ölkəyə valyuta gətirsinlər. Biz torpaqlardan səmərəli istifadə etməliyik. İntensiv yolla əkinçiliyi inkişaf etdirib özümüzün ərzaq mallarına olan tələbatını ödəməliyik. Digər tərəfdən də nəzərə almalıyıq ki, neft gəlirlər kəskin azalıb. Yəni, bizim aqrar ölkə kimi kənd təsərrüfatını inkişaf etdirib ölkəyə valyuta gətirməkdən başqa çıxış yolumuz yoxdur. Bizim ölkəmiz Avropa ölkələri ilə rəqabətə girəcək səviyyədə deyil ki, sənaye məhsulu istehsal edib ölkəyə valyuta gətirək.
Ekspertin sözlərinə görə, bu gün əkinə yararlı torpaqlardan səmərəli istifadə olunmur: "Pullu məmurlar, imkanlı oliqarxlar dövlətdə tutduqları vəzifələrdən sui-istifadə edib kəndlilərin əlindən torpağını dəyər-dəyməzinə alır, güclə zəbt edirlər. Qol gücünə alınmış torpaqlardan isə lazımınca istifadə etmirlər. Bu da Azərbaycanın gələcəyi üçün çox ciddi təhlükə yaradır. Bu, bizim ərzaq təhlükəsizliyimizə birbaşa təhdiddir.

Bir sözlə, məmurların zəbt etdikləri torpaqlar Azərbaycan üçün bir sıra problemlərə yol açır. Bunun başında isə ölkənin ərzaq təhlükəsizliyi kimi kifayət qədər strateji bir məsələsinin təhdid altına düşməsi gəlir.

Ümid edək ki, əlaqədar qurumlar bu problemlə bağlı araşdırmalarını, təftişlərini ən qısa vaxtda başa vuracaq, əkinə yararlı iri sahələr vəzifəli şəxslərin «işğalından» qurtulacaq və həmin sahələr istifadə edilməyə başlanılacaq, bununla da inkişafına xüsusi ehtiyac duyulan aqrar sektorun önü bir az da açılacaq.