Əməkdar artist Tünzalə Ağayeva big.az-a açıqlamasında bütün sosial şəbəkədə olan hesablarını bağlamaq istədiyini dilə gətirib.
Unikal.org bildirir ki, sosial şəbəkələrdə aktiv olan əməkdar artist, bir çox məşhurlar kimi o da sosial şəbəkədə yersiz tənqidlərə məruz qalır:
"Bir var sağlam şəkildə tənqid, bir də var ki, sağlam şəkildə olmayan tənqid. Səni yaxşı mənada izləyən tamaşaçı heç vaxt qüsura, yalnış şərhə, təhqirə yol verməz. Normal şəkildə sual ünvanlaya bilər. Təsadüfən səhifəni görən, qəsdən qıcıq yaradan izləyicilər isə heç nəyi bacarmayan, psixologiyası pozulan, ağıldan kasad, xəstə insanlardır. Belələri öz səviyyələrinə məxsus ifadələr yazırsa, onlar anında oradan "blok" olunurlar. Çünki mənim komandam sosial şəbəkələrdəki səhifələrimi diqqətdə saxlayırlar. Mənim xasiyyətimi komandam yaxşı bilir: təhqirə, etikadan kənar , vergülə-nöqtəyə belə orada yol verilə bilməz. Ona görə yox ki, orada yalnız məni tərifləyənlər olmalıdır. Sağlam tənqidlərə çox normal baxıram. Amma səhifəmdə özünü idarə edə bilməyən insanlar anında oradan uzaqlaşdırılır".
T.Ağayeva İnstagramın yeni funksiyasından artıq istifadə etmək istədiyini dilə gətirib:
"Mən ona doğru gedirəm. Bir gün olacaq, bütün şərhləri bağlayacağam. Ümumiyyətlə, sosial şəbəkələrdən birdəfəlik getmək arzusundayam. Amma prodüserim qoymur (gülür - red). Getmək istəyirəm, heç bir səhifədə olmaq istəmirəm. Bu məni yorur, vaxtımı alır. Gözəl tərəfi odur ki, mən tamaşaçılarıma yaxınam, çirkab çox olduğu üçün tez bezirəm. Başa düşürəm ki, bu həyatın adamı deyiləm. Mənimki konsertdi, yaradıcılıqdır. Məni axtaran kassadan biletimi alıb konsertimə gələcək. İki məngənənin arasında qalmışam. Gözdən iraq, bəzi həmkarlarım sevinəcək. Meydan bir az genişlənəcək, insan deməzdim, insan cildində yox heyvan cildində olanlara qalacaq meydan. Mən də meydanı elələrinə buraxmaq istəmirəm".