PrimeTime.Az-ın "Tet-a-Tet" rubrikasının qonağı Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti, pedaqoq Firəngiz Mütəllimovadır.

Unikal.org həmin müsahibəni təqdim edir:

-Firəngiz xanım, Akademik Milli Dram Teatrının 144-cü mövsümündə biri-birindən maraqlı tamaşalar repertuara daxil edilib. Sizi səhnədə tez-tez görə biləcəyik? 
-Şükür Allaha, hər şey yaxşıdır.Teatrda iş gedir, məşqlər gedir. Kaş ki, Azərpaşa müəllim bizim teatra 10 il əvvəl gələydi. Son dövrlər yaxşı tamaşalar var. Abu-hava çox yüksəkdir. Hamı biri-birinə hörmət edir.

-Əvvəl bu hörmət yox idi? 
-Mənə qarşı var idi, ümumilikdə yox. Bilirsiniz, teatr kollektiv sənətdir. Direktor hamıya bir gözlə baxmalıdır. Bir teatrda ki, xalq artistləri ilə ayrı, əməkdar artistlərlə fərqli, texniki heyətlə başqa iclas olurdu, sizcə buna nə ad qoya bilərik? 

- Həqiqətən iclaslar elə keçirilirdi?
-Bəli, gülməli vəziyyət idi. Görmüşük yaradıcı heyətlə ayrı, texniki heyətlə ayrı iclas olar. Amma lap belə də yox. Biz elə teatr görməmişdik. İndi şükür Allaha, bu cür məsələlər yığışdırılıb. Eksperiment xarakterli tamaşalar repertuardan yığışdırılır. Teatra lazımlı olan əsərlər səhnəyə yol tapır.

-Səhhətinizlə bağlı olaraq bir müddət səhnədən uzaq düşdünüz...
 -Sırf səhhətimlə bağlı oldu. Mən ağır beyin əməliyyatı keçirdim. Həmin əməliyyatdan sonra dikdaban ayaqqabı geyinə bilmirdim. Səs-küy, əsəb, həyəcan belə şeylər qadağan olunduğuna görə, teatrdan bir müddət uzaq qaldım. "Qarabağnamə" tamaşasında bir rolum var. Amma bu mövsümdən İnşAllah, yeni əsər olacaq və səhnəyə çıxacam. 

- Nə yaxşı ki, seriallara çəkilmək, teatra olan marağınızı üstələməyib... 
- Yox, teatra maraq heç vaxt itə bilməz. Seriala gəlincə, həftənin bir günü çəkilişim olur. Başqa filmlərdə hələ ki, çəkilmirəm. 

-Bu yaşda, bu statusda hansı obrazı canlandırmaq istəyirsiniz? 
- Azərbaycan xanımı, mənim üçün çox dəyərli olan ana obrazını ifa etmək istəyirəm. Mənfi, müsbət dəxli yoxdur, yetər ki, ana surəti olsun. Azərbaycanlı ana. Həmin ana şəhid anası da və ya klassik xarakterli qadın surəti də ola bilər. Amma heç bir rolun arzusunda deyiləm. Çox obrazlar yaratmışam. Nə, Hökumə Qurbanovanın "kitayski" variantı olmaq istəmirəm, nə də Amaliya Pənahovanın oynadığı rolları təkrarlamaq arzusunda deyiləm. Yenilik istəyirəm. Özüm olmaq arzusundayam. Bəzən mənə Azərbaycanın Türkan Şorayı deyirlər. Elə sözlərdən heç xoşum gəlmir. Mən Azərbaycanın Firəngiziyəm. Türkan Şoraya Türkiyənin Firəngiz Mütəllimovası demirlər ki? Qoy mənə də deməsinlər.

-Firəngiz xanım, yaradıcılığınızda dramatik və komik rollar üstünlük təşkil edir. Nə vaxtsa sizi faciə yaşamış qəhrəman obrazında görə biləcəyik? 
- Lirik-dramatik rollar, qara komediyalarda oynamışam. Səhnədə ömürlük qalmaq üçün müəyyən yaş müddətindən sonra yaxşı mənada "sınmağı" bacarmalısan. "Sınmağı" bacaran aktrisalar həmişəlik səhnədə qalır. Cavanlığında ifa etdiyi obrazların abu-havasından ayrıla bilməyənlərə, yaş ötdükcə çətin olur. Bəziləri teatrda qala bilmir. Düzünü desəm, mən teatrı daha çox sevirəm. Kinonu əvvəldən sevməmişəm. Cavan vaxtlarımızda kinoya olan marağımızı öldürdülər. Bizi sınaq çəkilişlərinə çağırırdılar. Sonda başqa dövlətlərdən aktrisa gətirib, çəkirdilər. Ona görə də, kinoya olan marağım sönmüşdü. Bir neçə çəkildiyim filmlərə sınaq olunmadan, birbaşa çəkilmişəm. 

- Başqa respublikalardan təkliflər olub? 
- Tələbə vaxtı, Özbəkistanda tarixi film çəkilirdi. Məni dəvət etmişdilər. Film XI-ci əsrə aid olmalıydı və çəkilişlər səhrada aparılacaqdı. Amma filmdə erotik səhnələr olduğundan, müəllimim Böyükağa Kazımov çəkilməyimə icazə vermədi. İkinci kursda oxuyurdum. Bir neçə il əvvəl İrandan da, təklif almışdım. "Həzrəti Fatimə" adlı film idi. Amma yenə də istəmədim. Mən dini obrazlar ifa etməkdən qorxuram.

 - Niyə? 
- Fikrimcə belə filmlərdə çəkildikdən sonra gərək bu sənəti tərk edəsən. Elə mövzularda obrazlar ifa etmək böyük məsuliyyətdir.

- Bəs Türkiyədən dəvət gəlsə? 
Bir ara Kadir İnanırla ortaq layihədə çıxış edəcəyiniz deyilirdi. - Hamısı şayiədir. Kadir İnanırı çox istəyirəm. Sənətinə hörmətim var. İldə bir-iki dəfə telefon açıram, danışırıq, vəssəlam. Başqa heç nə yoxdur. Türkiyədən film təklifi alsam belə, çəkilmək istəmərəm.

 - Firəngiz xanım, maraqlıdır, aktyor, aktrisa səhnədən nə vaxt, neçə yaşında getməlidir? Ümumiyyətlə, getməlidirmi?
 - Xeyr, bu fikri deyənlərlə heç razı deyiləm. Andrey Mironov kimi aktyor səhnədə, tamaşa vaxtı dünyasını dəyişdi. Aktyorun gücü, həvəsi varsa son nəfəsinə qədər səhnədə olmalıdır. Ağasadıq Gəraybəyli 90 yaşında, gözləri görməyən vəziyyətdə çıxıb tamaşa oynayırdı. Teatrda hər yaşda, hər görkəmdə aktyora ehtiyac var. Bəzən deyirlər ki, filan aktyor formada deyil. Hamı gözəl, yaraşıqlı, nərmə-nazik olmur ki? Səhnədə hər görkəmdə aktyora, aktrisaya ehtiyac var.