Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib.
Unikal.org bildirir ki, bu barədə APA-ya zərərçəkən İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadə özü məlumat verib.
Dövlətlərarası ticarətlə məşğul olduğunu qeyd edən R. Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R. Bəşirzadə N. Abbasova İsraildən bank vasitəsi ilə 65 min ABŞ dolları göndərib, N. Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. R. Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini bildirib.
R. Bəşirzadənin sözlərinə görə, N. Abbasov vədinə əməl etməyib: "O, müxtəlif bəhanələrlə malı İsrailə göndərmədi. Mən də hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdim. Bakı şəhər Baş Polis İdarəsi şikayəti araşdırmaq üçün aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə göndərdi. Nizami polisində təhqiqat araşdırması aparıldı və Natiq Abbasov polisin yanında pulu qaytaracağına söz verdi. Buna baxmayaraq, yenə vədinə əməl etmədi. Məsələ ilə bağlı yenidən polisə şikayət etmişəm. Hələlik fakta hüquqi qiymət verilməyib.
Nizami rayon Polis İdarəsindən APA-ya N. Abbasovla bağlı şikayətin daxil olduğunu təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin məsələ ilə bağlı təhqiqat araşdırması aparılır.
Natiq Abbasovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb.